Accessibility links

Rusiya Ukraynanın pilotsuz təyyarəsinin Oryol şəhərinə zərdə endirdiyini bildirir


Rusiya rəsmilərinin bildirdiyinə görə, Ukraynanın pilotsuz təyyarələrinin bazar ertəsi yanacaqdoldurma məntəqəsini vurması nəticəsində azı bir nəfər ölüb, üç nəfər yaralanıb.

Oryol vilayətinin qubernatoru Andrey Klıçkov hücumun Livnı şəhərində baş verdiyini bildirib.

Rusiya Müdafiə Nazirliyi bazar ertəsi bildirib ki, Hava Hücumundan Müdafiə Qüvvələri Ukraynanın Oryol səmasında altı, Krasnodar vilayətində dörd, Belqorod üzərində bir, Bryansk üzərində isə bir pilotsuz uçuş aparatını məhv edib.

Krasnodar qubernatoru Venyamin Kondratyev bölgənin iki kəndinə düşən dron qalıqlarının bir binaya ziyan vurduğunu və yanğının baş verdiyini bildirib.

Ukrayna prezidenti Vladimir Zelenski bazar günü axşam deyib ki, Rusiyanın Xarkova hücumlarının beynəlxalq şəkildə pislənməsi Ukraynanın şəhərlərini qorumaq üçün kifayət qədər hava hücumundan müdafiə imkanları ilə təchiz edilməsi də daxil olmaqla “ədalətli nəticələrə” gətirib çıxarmalıdır.

Zelenski həmçinin Rusiya daxilindəki hədəfləri vurmaq üçün ABŞ-ın verdiyi silahlardan istifadə etməsini qadağan edən ABŞ kimi ölkələrin siyasətinə istinad edərək, Ukraynanın tərəfdaşlarını "rusiyalı terrorçulara qarşı preventiv müdafiəni dəstəkləməyə" çağırıb.

"Bu, həyatları məhv etməyə başlamazdan əvvəl hər hansı bir terrorçunu vuracaq və məhv edəcək bir müdafiə növüdür", Zelenski deyib. "Biz Rusiya qoşunlarının cəmləşdiyi hər nöqtəni görə bilərik. Biz Rusiya raketlərinin buraxıldığı və döyüş təyyarələrinin havaya qalxdığı bütün əraziləri bilirik" - deyə, o bildirib.

Ukraynanın Rusiyanın 27 aydır davam edən amansız hücumlarının qarşısını almaq üçün mübarizə apardığı bir vaxt Zelenski bazar günü ABŞ prezidenti Co Baydeni və Çin lideri Şi Tsinpini gələn ay İsveçrədə keçiriləcək sülh sammitində iştirak etməyə çağırıb.

Zelenskinin video-müraciətinə cavab verən ABŞ rəsmisi bazar günü Birləşmiş Ştatların sülh sammitində iştirak edəcəyini desə də, lakin kimin və hansı səviyyədə iştirak edəcəyini bildirməkdən imtina edib.

Ukrayna bu sammitin Rusiyaya qoşunlarını Ukraynanın beynəlxalq səviyyədə tanınmış sərhədlərindən çıxarmaq üçün beynəlxalq təzyiqi artıracağına ümid edir. Rusiya isə bu tələblə danışıqlara başlamağın mümkün olmadığını deyir.

Forum

XS
SM
MD
LG