Accessibility links

Ukrayna Mariupol polad zavodundan mülki şəxslər təxliyə edilir


Ukrayna rəsmiləri bazar ertəsi mühasirədə olan Mariupol şəhərindən daha çox mülki vətəndaşın təxliyə oluna biləcəyini gözlədiklərini bildiriblər.

Prezident Volodimir Zelenski bazar günü axşam saatlarında videomüraciətində 100-dən çox mülki şəxsin zavodun ərazisini bazar günü tərk edə bildiyini və onların bazar ertəsi təxminən 200 kilometr uzaqlıqdakı Zaporojyaya çatmalı olduqlarını bildirib.

Rusiya qoşunlarının Mariupolun qalan hissəsinə nəzarəti ələ keçirməsi ilə yüzlərlə mülki şəxs və təxminən 2000 Ukrayna əsgəri Azovstal polad zavodunda gizlənib. Daha əvvəl mülki insanları ərazidən çıxarmaq üçün edilən çoxsaylı cəhdlər Ukraynanın Rusiyanı təxliyə marşrutlarını atəşə tutmaqda ittiham etməsi ilə nəticələnib.

Ukrayna qüvvələrinin yaydığı videogörüntülərdə yaşlı qadınlar və azyaşlı uşaqları olan anaların "Azovstal" polad zavodunun yaxınlığındakı dağıntıların üzərinə dırmaşaraq avtobusa mindikləri görünür.

"İlk dəfə bu ərazidə iki günlük real atəşkəs olub" – deyə, Zelenski bildirib.

Ukraynanın baş nazirinin müavini İrina Vereşçuk "Azovstal"da insanların ərzaq, su və dərman çatışmazlığı ilə bağlı vəziyyəti "əsl humanitar fəlakət" adlandırıb.

Birləşmiş Millətlər Təşkilatı və Beynəlxalq Qızıl Xaç Komitəsi bazar günü təxliyələri həyata keçirərək, bunu "təhlükəsiz keçid əməliyyatı" adlandırıb.

İki aylıq bombardman kampaniyasından sonra Azov dənizinin şimal sahilində yerləşən Mariupolda 100 minə yaxın digər ukraynalı mülki şəxs hələ də qala bilər.

Zelenski ilə görüşmək üçün şənbə günü Kyivə əvvəlcədən elan edilməmiş səfər edən digər altı demokrat deputatla birlikdə ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosi NATO müttəfiqlərinə Ukraynanı gücləndirmək səylərində dəstək verəcəyini vəd edərkən, bazar ertəsi Polşada prezident Anjey Duda ilə danışıqlar aparıb.

"Görüşlərimiz partnyorluğumuzu daha da gücləndirmək, Polşanın humanitar rəhbərliyinə minnətdarlığımızı bildirmək və Ukraynanı dəstəkləmək üçün bundan sonra necə birlikdə işləyə biləcəyimizi müzakirə etmək olacaq" - deyə, Pelosi bazar günü verdiyi bəyanatda bildirib.

Duda görüşün əvvəlində "Ukraynadakı vəziyyəti, onlara necə kömək etməyi, hansı dəstəyə ehtiyacı olduğunu" müzakirə edəcəklərini bildirib. O, əlavə edib ki, bu, həlledici və çox çətin andır.

Birləşmiş Millətlər Təşkilatının məlumatına görə, fevralın sonunda Rusiya Ukraynanı işğal etdikdən sonra təxminən 5,5 milyon qaçqın Ukraynanı tərk edib, onlardan 3 milyondan çoxu Polşaya üz tutub.

Rumıniya 800,000-dən çox qaçqın ilə ikinci yerdədir.

Ağ Ev bazar ertəsi bəyan edib ki, birinci xanım Cil Bayden cümə axşamı Rumıniya və Slovakiyaya səfərə başlayacaq, o cümlədən Rusiyanın işğalı nəticəsində didərgin düşmüş ukraynalılarla görüşəcək. Xanım Bayden, həmçinin yardım işçiləri, ukraynalı qaçqınlara dəstək verən yerli ailələr və ukraynalı uşaqların məktəbə davam etməsinə kömək edən müəllimlərlə görüşəcək.

Pelosi Rusiyanın fevralın 24-də hər iki tərəfdən minlərlə döyüşçünün və minlərlə ukraynalı dinc sakinin ölümünə səbəb olan işğalından sonra Ukraynaya səfər edən ən yüksək səviyyəli ABŞ rəsmisi olub.

Kyivi tərk etdikdən sonra Polşada danışan Pelosi Zelenskiyə "bu döyüşdə qalib gələnə qədər sizinləyik" deyərək dəstəyini ifadə edib.

XS
SM
MD
LG