Accessibility links

Volodimir Zelenski: Biz taxıl ixrac etməyə hazırıq, lakin bizə təhlükəsizlik dəhlizi lazımdır


Ukrayna taxılın Belarus vasitəsilə ixracı ideyasını rədd edib və Rusiyanın Odessaya hücum üçün ticarət zonasından istifadə etməyəcəyi vədlərinə inanmır.

Taxıl ixracı üçün Ukrayna limanlarının blokadadan çıxarılmasının ən yaxşı təminatı ölkənin sahillərində gəmi əleyhinə sistemlərin yerləşdirilməsidir. Bu barədə iyunun 6-da Ukrayna prezidenti Volodimir Zelenski mətbuata açıqlama verib.

O həmçinin qeyd edib ki, Ukrayna taxıl ixracını bərpa etmək üçün limanların blokadadan çıxarılması ilə bağlı danışıqlarda Türkiyənin vasitəçiliyinə inanır, lakin onun sözlərinə görə, indi limanların mühasirədən çıxarılmasının ən yaxşı təminatı Ukraynada gəmi əleyhinə sistemlərin yerləşdirilməsidir.

“Bu, regionda yerləşdirə biləcəyimiz silahlardır. Biz bunun üzərində işləyirik və gəmi əleyhinə sistemlər alacağıq. Bunlar təhdid deyil. Bunlar ən yaxşı zəmanətlər olacaq” – deyə, Volodimir Zelenski bildirib.

Onun sözlərinə görə, Ukrayna artıq taxıl ixrac etməyə hazırdır.

“Biz Rusiyanın ixrac etmək istəmədiyimiz və ərzaq böhranına səbəb olduğumuz barədə ritorikasını qəbul etmirik. Biz hazırıq, lakin bizə təhlükəsizlik dəhlizi lazımdır” - deyə, Ukrayna prezidenti vurğulayıb.

Zelenski Belarusun öz ərazisindən taxıl ixrac etməyi təklif etdiyini də xatırladıb, lakin Ukraynanın bu variantı nəzərdən keçirmək niyyətində olmadığını bildirib.

“Bizə Belarusdan dəmir yolu ilə keçməyi təklif ediblər. Hətta nə qədər olduğunu başa düşürük. Ancaq bunun bizə niyə təklif edildiyini başa düşürük. Biz hələ bu formata əməl etməyə və “dost” qonşularımıza kömək etməyə hazır deyilik” - deyə, Ukrayna prezidenti bildirib. Bu barədə RBK-Ukrayna xəbər verir.

Prezident Zelenski 2022-ci ilin mayında qeyd etmişdi ki, Rusiya Qara və Azov dənizlərindəki limanları bağladığına görə Ukrayna 22 milyon ton taxıl ixrac edə bilmir.

“İndi Rusiya Qara dənizdəki limanlarımızı bağladığına və Azov dənizi sahilində bizim hissəsimizi ələ keçirdiyinə görə, biz artıq ölkəmizdəki anbarlarımızda olan 22 milyon ton taxıl ixrac edə bilmirik. Bu, xarici bazara çıxmalı olan həcmdir. Bizim ixracımızın Rusiya tərəfindən əngəllənməsi isə həqiqətən qlobal miqyasda vəziyyəti sabitsizləşdirir. Nəticədə müxtəlif ölkələrdə ərzaq bahalaşır. Buna görə də aclıq təhlükəsi var. Afrikada, Asiyada, bəzi Avropa ölkələrində” – deyə, Volodimir Zelenski bildirib.

Xarici işlər naziri Dmitri Kuleba iyunun 6-da Tvitter hesabında yazıb ki, Ukrayna Rusiya prezidentinin Odessaya hücum üçün ticarət yollarından istifadə etməyəcəyi barədə boş vədlərinə inanmır.

XS
SM
MD
LG