Accessibility links

Müharibənin ikinci qışı Ukraynada səhiyyə sistemi böyük təzyiq altındadır


Ukrayna müharibənin ikinci qışına girib və Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) milyonlarla mülki əhalinin qarşıdakı uzun, şaxtalı havada təhlükəsiz və isti qalmağa çalışdığı üçün ölkənin ictimai səhiyyə sisteminin böyük təzyiq altında qalacağı barədə xəbərdarlıq edib.

Ümumdünya Səhiyyə Təşkilatının Ukraynadakı nümayəndəsi Yarno Habixt "Rusiya Federasiyasının Ukraynaya təcavüzündən bəri biz əhalinin sağlamlığına təsirlərinin və xəstəliklərin artmasının şahidi olduq" deyib.

"Beləliklə, müharibə bu gün bitsə belə, Ukraynada milyonlarla insanın sağlamlıq ehtiyacları artacaq" və "döyüşlər davam etdiyi üçün uşaqlar və qocalar xüsusilə əziyyət çəkir və şaxtalı hava ilə mübarizə aparır" - deyə, o bildirib.

Çərşənbə axşamı Odesada jurnalistlərə danışan Habixt deyib ki, o və Ukraynanın səhiyyə naziri bu yaxınlarda Ukraynanın şərqində cəbhə bölgəsindəki Liman şəhərinə “qış boyu müalicənin mümkün olmasını təmin etmək üçün” vacib avadanlıq və dərmanlar çatdırıblar.

O, "biz davamlı atəş səsləri eşitdik və bu, tibb işçiləri və xəstələr üçün reallıqdır" deyib.

ÜST 2022-ci il fevralın 24-də Rusiyanın Ukraynanı təcavüz etməsindən sonra səhiyyə sisteminə təsir edən 1400-dən çox hücumu təsdiqləyib. Bu, çox sayda mülki insanın itkisinə səbəb olub və ölkənin səhiyyə sistemini əhəmiyyətli dərəcədə pozub.

"Bu hücumlar davam edir, səhiyyə xidmətlərinin göstərilməsi üçün risklər yaradır" deyən Habixt, hücum qorxusunun bir çox insana çox ağır təsir etdiyini qeyd edib.

O, 55 mindən çox səhiyyə işçisinin psixi sağlamlıq ehtiyacları olanlara yardım etmək üçün təlim keçdiyini və müxtəlif regionlarda psixi sağlamlıq qruplarının fəaliyyət göstərdiyini deyib.

Habixt qışa hazırlıq zamanı bir çox səhiyyə müəssisəsinin generatorlar və istilik sistemləri quraşdırdığını və insanların isinməsi, telefonlarını şarj etməsi və narahatlıq keçirməməsi üçün yerlərlə təmin edildiyini bildirib.

Forum

XS
SM
MD
LG