Accessibility links

Ukraynanın Rusiyaya dronlarla hücumu nəticəsində 2 nəfər ölüb


Rəsmilərin cümə günü bildirdiyinə görə, keçən gecə Ukraynanın Rusiya və ilhaq edilmiş Krım yarımadasına pilotsuz təyyarələrlə hücumu nəticəsində biri uşaq olmaqla, iki nəfər ölüb, neft emalı zavodunda yanğın əmələ gəlib.

Bu, Ukraynanın son həftələr ərzində həyata keçirdiyi ən böyük hava hücumu olub. Bu eləcə də, Rusiya qüvvələrinin cəbhə xətti boyunca irəlilədiyi, 18 ayda ən böyük ərazini ələ keçirdiyi və Kyivin sursat və canlı qüvvə çatışmazlığı ilə üzləşdiyi vaxta təsadüf edib.

Rusiya ordusu keçən gecə ölkənin cənubunda, eləcə də ilhaq edilmiş Krım və Qara dəniz üzərində Ukraynaya məxsus 100-dən çox hava və dəniz dronlarını məhv etdiyini bildirib.

"51 pilotsuz uçuş aparatı Krım üzərində, 44-ü Krasnodar vilayətində, 6-sı Belqorod vilayətində və 1-i Kursk vilayətində məhv edilib" - deyə, Rusiyanın Hərbi Dəniz Qüvvələri bildirib və əlavə edib ki, hərbi dəniz qüvvələri 6 pilotsuz qayığı da məhv edib.

Vilayətin qubernatoru Vyaçeslav Qladkovun dediyinə görə, dronlardan biri Rusiyanın Belqorod vilayətində sərhəd yaxınlığında bir ailənin olduğu maşını vurub. Nəticədə ana və 4 yaşlı oğlu ölüb.

Qladkov atanın yaralandığını, lakin "şokda" olduğunu, tibbi yardımdan imtina etdiyini, avtomobilin sürücüsünün isə əllərində qəlpə yaralarının olduğunu bildirib.

Qubernatorun sözlərinə görə, başqa bir dron hücumu Bessonovka kəndindəki yanacaqdoldurma məntəqəsində yanğına səbəb olub, lakin alov tez bir zamanda söndürülüb.

Krasnodar vilayətinin cənubundakı Tuapse sahil qəsəbəsində Ukraynaya məxsus iki pilotsuz təyyarə neft emalı zavodunu vuraraq, böyük yanğına səbəb olub, lakin heç bir itki olmayıb.

Rusiya tərəfindən təyin edilmiş qubernator Mixail Razvojayev vurulan pilotsuz təyyarələrin qalıqlarının elektrik stansiyasının üzərinə düşməsi səbəbindən ilhaq edilmiş Krım yarımadasının Rusiyanın nəzarətində olan Sevastopol limanını "qismən işıqsız qalıb" deyə, bildirib.

Forum

XS
SM
MD
LG