Accessibility links

Ukrayna Müstəqillik Gününü Rusiyanın yeni raket hücumları qorxusu ilə qeyd edir


Ukraynalılar çərşənbə günü Rusiyanın dominantlıq etdiyi Sovet İttifaqından azad olmalarının 31-ci ildönümünü qeyd edir. Lakin Rusiyanın yeni raket hücumları qorxusu bu təmtəraqlı bayramın kölgədə qalmasına səbəb olub.

Fevralın 24-də Rusiyanın işğalından altı ay sonra qeyd edilən Ukraynanın Müstəqillik Günü bu il Moskvanın boyunduruğuna qayıtmamaqda qərarlı olan ukraynalılar üçün xüsusi əhəmiyyət kəsb edir.

Çərşənbə axşamı gecə saatlarında xalqa müraciət edən Ukrayna prezidenti Volodimir Zelenski Müstəqillik Gününün bütün ukraynalılar üçün vacib bir gün olduğunu deyib və bu günə kölgə salmaq üçün Moskvanın “iyrənc təxribatları” və “qəddar zərbələri” ehtimalı barədə xəbərdarlıq edib.

Rəsmilər paytaxt Kyivdə ictimai toplantıları qadağan edib və cəbhə xəttində aylarla atəşə məruz qalan şərqdəki Xarkiv şəhərində sərt komendant saatı tətbiq edib. Bir çox dövlət məmuruna evdən işləmək əmri verilib.

Ukrayna 1991-ci ilin avqustunda Moskvada uğursuz çevrilişdən sonra Sovet İttifaqından ayrılıb və ukraynalıların böyük əksəriyyəti referendumda müstəqilliyə səs verib.

Zelenski təhlükəsizlik səbəbi ilə hökumətin bayramı necə qeyd edəcəyinin təfərrüatlarını açıqlamayıb. O, dəmiryol, fövqəladə hallar xidməti, elektrik, sürücülər, sənət adamları və media işçilərini mükafatlandıracağını deyib.

Hökumət itaətsizliyi göstərmək üçün Kyivin mərkəzinə döyüşlərdə yanan rus tanklarını və zirehli maşınlarını nümayiş etdirib.

Rəsmilər insanları hava hücumu xəbərdarlığını ciddi qəbul etməyə və sirenlər səsləndikdə sığınacaq axtarmağa çağırıb.

“Biz milli birliyin ən yüksək səviyyəsinə nail olduğumuz bir vaxt dövlətçiliyimiz üçün ən dəhşətli təhlükəyə qarşı mübarizə aparırıq” Zelenski axşam müraciətində deyib.

Kyiv şəhəri administrasiyası sakinlərin izdihamının Rusiyanın raket zərbələrinin hədəfinə çevriləcəyindən ehtiyat edərək, cümə axşamına qədər böyük ictimai toplantıları qadağan edib.

“Onlar güclü cavab alacaqlar” - deyə, Zelenski çərşənbə axşamı mətbuat konfransında bildirib.

Moskva Ukraynaya işğalı kiçik qonşusunun demilitarizasiyası üçün “xüsusi hərbi əməliyyat” adlandırıb.

Ukrayna və onun Qərb müttəfiqləri səbəbsiz, imperiya tipli müharibədə Rusiya Prezidenti Vladimir Putini ittiham edir.

XS
SM
MD
LG