Accessibility links

Raket zərbələri Rusiyanın Qara Dəniz Donanmasına ciddi zərər verib


Ukrayna ordusunun cümə günü bildirdiyinə görə, onlar Rusiya qoşunları ilə gərgin döyüşlərdən sonra əsas cəbhə xəttində, Rusiyanın işğal etdiyi Baxmut şəhərindən təxminən 10 kilometr cənubda yerləşən Andriyivka kəndini geri alıblar.

Ukraynanın uzun sürən, geniş sahəni əhatə edən əks-hücum əməliyyatındakı bu son qələbə Ukrayna prezidenti Volodimir Zelenskinin Vaşinqtona gözlənilən səfərindən bir neçə gün əvvələ təsadüf edib.

Həmçinin cümə günü Britaniyanın Müdafiə Nazirliyi bu həftənin əvvəlində Rusiya Qara Dəniz Donanmasının Krımda yerləşən hərbi-dəniz qərargahını hədəf alan, obyektin bəzi hissələrini həftələr və ya bəlkə də aylar ərzində sıradan çıxara biləcək raket zərbəsini təsdiqləyib.

Raketlərdən zərbələr çərşənbə günü səhərə yaxın, "Minsk" desant gəmisi və "Kilo 636.3 Rostov-na-Donu" sualtı qayığı Sevmorzavod gəmiqayırma zavodunda texniki xidmətdən keçmək üçün quruda olarkən endirilib.

Nazirliyin bildirdiyinə görə, açıq mənbəli dəlillər "Minsk"in demək olar ki, funksional olaraq məhv edildiyini, "Rostov"a isə böyük ziyan dəydiyini göstərib.

Nazirliyin məlumatına görə, sualtı qayığı işə salmaq üçün "çox güman ki" uzun illər gərək olacaq və yüz milyonlarla dollara başa gələcək.

Bundan əlavə, Britaniya nazirliyi zədələnmiş gəmilərin quru doklardan çıxarılması kimi mürəkkəb işin dokları aylarla istismardan çıxara biləcəyini və Rusiyaya "donanmanın təmir işlərində mühüm problem yarada biləcəyinin real bir ehtimal" olduğunu bildirib.

Forum

XS
SM
MD
LG