Accessibility links

Şimali Avropa ölkələri Ukraynaya "nə qədər lazımdırsa" dəstək verməyə hazır olduqlarını bildirib


Osloda keçirilən danışıqlar zamanı şimali Avropanın beş ölkəsinin liderləri Rusiya işğalına qarşı mübarizədə Ukraynaya "nə qədər lazımdırsa" dəstək verməyə hazır olduqlarını bildirib.

Çərşənbə günü Ukrayna prezidenti Volodimir Zelenski baş nazir Conas Qar Store və şimalın digər liderləri ilə Kyivə dəstəyin genişləndirilməsi ilə bağlı danışıqlar aparmaq üçün Norveçə gedib.

Rusiyanın genişmiqyaslı təcavüzü başlayandan bəri Danimarka, İslandiya, Norveç, Finlandiya və İsveçdən Ukraynaya edilən yardım ümumilikdə təxminən 11 milyard avro təşkil edib. Çərşənbə günü Şimali Avropa ölkələri yenidən Kyivə geniş hərbi, iqtisadi və humanitar dəstək verməyə hazır olduqlarını bildiriblər. Bu barədə beş dövlətin birgə bəyanatında deyilib.

Sənəddə "Rusiya təcavüzünü dayandırmalı, qoşunlarını dərhal və qeyd-şərtsiz Ukrayna ərazisindən çıxarmalıdır" deyə, vurğulanıb.

Danimarkanın baş naziri Mette Frederiksen bildirib ki, onun hökuməti bu həftə parlamentə Ukraynaya 1 milyard avro (1,08 milyard dollar) dəyərində yeni yardım paketini təqdim edəcək.

Vaşinqtonda prezident Co Bayden və ABŞ qanunvericiləri ilə görüşlərdən dərhal sonra Norveçə gedən Zelenski deyib ki, onun əsas prioriteti Ukraynanın hava hücumundan müdafiəsini gücləndirməkdir.

Osloda Store ilə birgə keçirilən mətbuat konfransında Zelenski "Bu gün biz minlərlə və minlərlə Ukraynanın həyatını xilas edə biləcək, həmçinin təcavüzkara təzyiqi artıra biləcək konkret şeylər haqqında danışdıq və danışacağıq" deyib.

​Store Norveçin Ukraynaya 3 milyard kron (273 milyon dollar) ayıracağını bəyan edib.

Bu vəsait daha əvvəl Norveç Parlamenti tərəfindən 5 il ərzində 75 milyard kronla razılaşdırılmış paketin bir hissəsidir.

Storenin bəyanatında "Norveç Ukraynanın müstəqillik mübarizəsini dəstəkləməyə davam edəcək. Biz azadlıq və demokratiya uğrunda mübarizəsində Ukraynaya yardım üçün məqsədyönlü, uzunmüddətli dəstək veririk. Ukraynanın səyləri Norveçdə azadlıq və təhlükəsizliyin təmin edilməsi üçün vacibdir" deyilib.

Forum

XS
SM
MD
LG