Accessibility links

Ukraynalı hərbçilərin ABŞ-da "Patriot" hava hücumundan müdafiə sistemi ilə bağlı keçdiyi təlimlər başa çatır


 Hava hücumundan müdafiə sistemi "Patriot"
Hava hücumundan müdafiə sistemi "Patriot"

Yanvar ayından bəri 65 ukraynalı əsgər ABŞ ordusunun Oklahomadakı Fort Sill bazasında hava hücumundan müdafiə sistemi "Patriot"u idarə etmək üçün təlim keçir. Onların martda təlimləri başa vurub, mobil hava hücumundan müdafiə sistemindən istifadəyə başlamaq üçün Ukraynaya qayıdacağı gözlənilir.

Qabaqcıl təlimlər ətrafında həssaslığı nəzərə alaraq, Pentaqon təlim keçən əsgərlərin şəkillərinin çəkilməsini qadağan edib və Amerikanın Səsinə onların adlarını deməyə icazə verməyib. Lakin Amerikanın Səsinin jurnalisti Ostap Yarış Fort Sillə səfər edərək, qrupu birbaşa müşahidə edib.

Amerikalı təlimatçı ukraynalı əsgərlərin ərazidə böyük bir radar yerləşdirməsini izləyir.1

"Bizim hərbçilərimiz "Patriot" batareyasını 40-45 dəqiqədə yerləşdirir. Ukraynalılar bunu 25 dəqiqədə edir. Onlar əla iş görür. Vətənlərindəki vəziyyəti nəzərə alsaq, onlar çox nikbindirlər" təlimatçı deyir.

Oklahomaya gələn ukraynalı kişi və qadınlar arasında ən gəncinin 19, ən yaşlısının isə 67 yaşı var. Son 10 həftə ərzində Pentaqon tərəfindən hazırlanmış və həftədə altı gün, gündə azı 10 saat çəkən təlimlərdə sürətləndirilmiş proqramdan istifadə edilir. Onlar "Patriot" hava hücumundan müdafiə sistemindən istifadəni dərindən öyrənməyə çalışır.

Çərşənbə axşamı son təlimlərdən biri keçirilib. Bir neçə gündən sonra komanda məzun olmağa hazır olacaq.

Çərşənbə axşamı olduğu kimi güclü küləklər Oklahoma ştatının cənubundakı düzənliklərdə adi haldır. Onlar təlimlərə mane olmur. Bir qrup Ukrayna əsgəri meydanın ortasına "Patriot" batareyasını yerləşdirir və onu döyüşə hazır vəziyyətə gətirir. Bir neçə işəsalma qurğusundan əlavə, batareyaya radar, elektrik stansiyası və idarəetmə stansiyası daxildir - bunların hamısı təkərlər üzərindədir.

Fort Silldə təlimdə iştirak edən, lakin adının çəkilməsini istəməyən bir təlimatçı "Mən bu komponentləri bədən hissələri kimi düşünürəm" deyir.

"İdarəetmə məntəqəsi bir növ əməliyyatın beyni sayılır. Radarı mən gözlər adlandırıram. Hər şeyi görən odur. Elektrik stansiyası bədənə bütün qidaları verəndir, çünki bütün gücü xaricə atır. Sonra, işə salanlar qollarım və ayaqlarım adlandırdığım hssələrdir, çünki bütün faktiki döyüşləri məhz onlar aparır. Mən bunları tələbələrimə məhz belə izah etdim" deyə, o bildirib.

Təlim proqramı elə qurulub ki, ukraynalılar hər bir komponenti ayrı-ayrılıqda mənimsəsin və sonra onlardan birlikdə istifadə etməyi öyrənsinlər. Bəzi məşqlər açıq havada, digərləri isə sinif otaqlarında və ya simulyatorlarda keçirilir.

Ukraynadakı təlimlər Pentaqonun adi kurslarından fərqlənir. Belə ki, bu, xüsusi olaraq Ukraynadakı müharibəyə əsaslanaraq hazırlanıb. Klassik hava döyüş ssenariləri əvəzinə bu kurs Rusiyanın işğalı ilə mübarizə aparan döyüş təcrübəsinə əsaslanır.

XS
SM
MD
LG