Ukrayna, Polşa və Almaniya Ramşteyn görüşü çərçivəsində Ukraynanın "Leopard" tanklarına texniki dəstək və texniki xidmət mərkəzinin yaradılması haqqında saziş imzalayıb. Bu barədə Ukrayna Müdafiə Nazirliyinin rəhbəri Aleksiy Reznikov öz Twitter səhifəsində bildirib.
Reznikov qeyd edib ki, mərkəzin yaradılması barədə qərar “tank koalisiyası”nın iclası zamanı verilib.
"Mən alman və polşalı həmkarlarım Boris Pistorius və Mariuş Blaşaka Ukraynaya göstərdikləri sarsılmaz dəstəyə görə minnətdaram. Bu gün biz Polşada Ukraynanın əsas döyüş tankları "Leopard 2"lərə Texniki Dəstək və Baxım Mərkəzinin yaradılmasına dair Niyyət Protokolunu imzaladıq. Bu bizim əməkdaşlığımızı və ukraynalı müdafiəçilərin imkanlarını gücləndirməyə yardım edəcək" deyib Reznikov.
Nazirin sözlərinə görə, birgə səylərlə formalaşan “zirehli yumruq” terrorçu rejimin Avropaya və bütün azad dünyaya qarşı təcavüzünün qarşısını alacaq.
Aprelin 21-də Almaniyanın Ramşteyn Hərbi Hava Qüvvələri bazasında Ukraynanın Müdafiəsi üzrə Təmas Qrupunun 11-ci iclası keçirilib.
Birləşmiş Ştatların müdafiə naziri Lloyd Ostin təmas qrupunun üzvlərinin Ukraynaya artıq 55 milyard dollardan çox yardım etdiyini bildirib.
Reznikov onu da bildirib ki, Ramşteyn-11 çərçivəsində 2023-cü il üçün strategiya və Ukrayna Silahlı Qüvvələrinin cari ehtiyacları nəzərdən keçirilib.
Martın sonunda Britaniya Ukraynaya "Challenger 2", Almaniya isə "Leopard 2" tankları göndərib. Fevralın ortalarında Almaniya və Polşada Ukrayna hərbçilərinin "Leopard 2" tanklarını idarə etməsi üzrə təlimlərə başlanıb.