Accessibility links

Ukrayna və Rusiya işğal altındakı nüvə stansiyasında yanğına görə bir-birini ittiham edir


Moskva və Kyiv bazar günü gecə Ukraynadakı Avropanın ən böyük və hazırda Rusiyanın işğalı altında olan Zaporijye Atom Elektrik Stansiyasının ərazisində yanğına görə bir-birini günahlandırıb. Hər iki tərəf radiasiyanın yüksəlməsinə dair əlamətin olmadığını bildirib.

Altı böyük reaktorlu obyektdə fəaliyyət göstərən BMT-nin Beynəlxalq Atom Enerjisi Agentliyinin Nüvə Nəzarəti Təşkilatı (IAEA) mütəxəssisləri çoxsaylı partlayışlardan sonra Ukraynanın cənubundakı stansiyanın şimal hissəsindən ağır və tünd tüstü gördüklərini bildirib.

Rusiyanın dövlət TASS RİA xəbər agentlikləri ölkənin nüvə enerjisi şirkəti Rosatom-a istinadən bildirib ki, əsas yanğın bazar günü gecə yarısına az qalmış söndürülüb.

Yanğın Ukrayna qüvvələrinin 2022-ci ildən bəri Rusiya ərazisinə ilk dəfə ən böyük hərbi müdaxiləsindən bir həftədən az bir müddət sonra baş verib.

Ukraynanın nüvə enerjisi şirkəti "Energoatom" Telegram mesajlaşma proqramında verdiyi açıqlamada soyutma qüllələrindən birinin və digər avadanlıqların zədələndiyini bildirib.

Bu arada Kursk vilayətinin qubernatoru vəzifəsini icra edən Aleksey Smirnov Rusiya prezidenti Vladimir Putinlə görüş zamanı Rusiya regionunun 28 yaşayış məntəqəsinin Ukrayna Silahlı Qüvvələrinin nəzarəti altında olduğunu bildirib.

"Kursk vilayətinin ərazisinin dərinliyi 12 kilometr, cəbhə boyu eni 40 kilometri ələ keçirilib", o deyib. Bu zaman onun sözünü kəsən Putin Ukrayna hərbçilərinin hansı genişliyi və dərinliyi ələ keçirdiyi barədə məlumatı hərbi rəsmilərin verəcəyini deyib və onu sosial-iqtisadi məsələlər və insanlara göstərilən yardımlar üzərində dayanmağa çağırıb.

Smirnov bildirib ki, bu zonada (28 yaşayış məntəqəsi zonasında) 2000-ə yaxın insan var ki, onların taleyi barədə hakimiyyət heç nə bilmir.

"Bundan əlavə, bu müddət ərzində pilotsuz uçuş aparatları və raketlərin hücumları əhəmiyyətli dərəcədə artıb, 194 raket və dron buraxılıb ki, onlardan 147-si vurulub".

Onun sözlərinə görə, bölgədə 180 min insan təxliyə olunmalı olub ki, onlardan 121 min nəfəri oranı tərk edib və ya təxliyə edilib.

Forum

XS
SM
MD
LG