Accessibility links

Ukrayna: Keçən gecə Rusiyanın hava zərbələri nəticəsində 8 nəfər ölüb


Ukrayna rəsmilərinin cümə günü bildirdiyinə görə, keçən gecə Rusiyanın Ukraynanın mərkəzi Dnepropetrovsk vilayətinə endirdiyi zərbələr nəticəsində azı 8 nəfər ölüb.

Daxili İşlər Nazirliyi ikisi uşaq olmaqla, altı nəfərin Dneprdən cənub-şərqdə yerləşən Sinelnikivski rayonunda, daha iki nəfərin isə Dneprdə öldürüldüyünü bildirib.

Ukrayna prezidenti Volodimir Zelenski sosial mediada cümə günü hücumun bölgənin paytaxtı Dneprdəki yaşayış binasına və qatar stansiyasına ziyan vurduğunu yazıb.

Zelenski sosial mediada daha yaxşı hava hücumundan müdafiə sistemləri üçün müttəfiqlərə müraciətində "Müdafiəmizi dəstəkləyən hər kəs və hər bir lider Ukraynanı silahla təmin edən ölkələri hava hücumundan müdafiə sistemlərinin anbarlarda qalmamalı və bizə, terrorla üzləşən şəhərlər və icmalarda yerləşdirilməsinə inandırmağa yardım etməlidir" deyə, bildirib.

Ukrayna Hərbi Hava Qüvvələrinin bildirdiyinə görə, hücum zamanı 15 raket və 14 pilotsuz uçuş aparatı məhv edilib. Hərbçilər həmçinin ilk dəfə Rusiyanın "Tu-22M3" strateji bombardman təyyarəsini də vurduğunu bildirib. Rusiya döyüş təyyarəsi Ukrayna şəhərlərinə hücum etmək üçün istifadə olunan uzaqmənzilli raketləri daşıyır.

Ukrayna Hərbi Hava Qüvvələrinin komandanı Nikolay Oleşuk sosial şəbəkədəki açıqlamasında “Hərbi Hava Qüvvələrinin zenit-raket bölmələri Ukrayna Müdafiə Kəşfiyyatı ilə əməkdaşlıq edərək, uzaqmənzilli strateji bombardmançı "Tu-22M3" təyyarəsini məhv edib” yazıb.

Rusiya Müdafiə Nazirliyi cümə günü verdiyi açıqlamasında strateji bombardmançı təyyarəsinin döyüş tapşırığını yerinə yetirdikdən sonra bazaya qayıdarkən Rusiyanın cənubundakı Stavropol bölgəsində, Ukraynanın nəzarətindəki ərazilərdən yüzlərlə kilometr aralıda qəzaya uğradığını bildirib. Dörd ekipaj üzvündən birinin öldüyü, digər iki nəfərin isə yerli tibb mərkəzinə aparıldığı bildirilib. Digər ekipaj üzvünün hələ də itkin düşdüyü deyilib.

Zelenski cümə axşamı gecə etdiyi çıxışında deyib ki, ordu bu ay 10 ədəd "Bohdana" haubitsasını istehsal etməyə hazırlaşır. O, "Bu, ölkənin müdafiə materiallarının istehsalında yaxşı nəticədir" deyib.

Forum

XS
SM
MD
LG