Rusiya Müdafiə Nazirliyi çərşənbə günü Ukraynanın eyni bölgədə 24 nəfərin ölümünə səbəb olan hücumundan və Rusiya prezidenti Vladimir Putinin hücumlarını intensivləşdirəcəyinə söz verməsindən bir neçə gün sonra hava hücumundan müdafiə vasitələrinin Belqorod vilayəti üzərində 12 Ukrayna raketini məhv etdiyini bildirib.
Ukrayna rəsmilərinin bildirdiyinə görə, çərşənbə axşamı Rusiyanın genişmiqyaslı raket hücumları nəticəsində Kyiv və Xarkivdə azı 5 nəfər həlak olub, 130 nəfər yaralanıb.
Ukrayna Hərbi Hava Qüvvələri Rusiya qüvvələrinin hava və dənizdən 35 pilotsuz təyyarə və 99 raket atdığını, Ukraynanın Hava Hücumundan Müdafiə Qüvvələrinin isə bütün pilotsuz təyyarələri və 72 raketi vurduğunu bəyan edib.
Polşanın xarici işlər naziri Radoslav Sikorski çərşənbə günü "Ukraynaya qarşı son hücuma cavab olaraq, müttəfiqlər Rusiyaya qarşı sanksiyaları sərtləşdirməli və Ukrayna qüvvələrini uzaqmənzilli raketlərlə təmin etməlidir" deyib.
Sikorski X sosial media platformasında bildirib ki, həmin raketlər Ukraynaya "atılma mövqelərini və komanda mərkəzlərini məhv etməyə" imkan verəcək.
Polşa Ukrayna ilə həmsərhəddir və ordusu çərşənbə axşamı Rusiyanın hücumları fonunda öz hava məkanını qorumaq üçün dörd F-16 qırıcısı göndərib.
Türkiyə prezidenti Rəcəp Tayyib Ərdoğanın ofisi çərşənbə axşamı bəyanat yayaraq, Britaniyanın Ukraynaya bağışladığı minaaxtaran gəmilərin Türkiyə boğazlarından keçərək, Qara dənizə çıxmasına icazə verildiyini təkzib edib.
Britaniya keçən ay Rusiya minalarının təhlükəsinin qarşısını almaq və Qara dəniz vasitəsilə Ukraynanın ixrac əməliyyatlarına imkan yaratmaq üçün Ukraynaya Kral Hərbi Dəniz Qüvvələrinə məxsus iki mina əleyhinə "Sandown Class" gəmisini verdiyini bildirib.
Türkiyə bəyanatında Ukraynada müharibə başlayandan bəri Türkiyənin boğazlarını Rusiya və Ukraynanın hərbi gəmiləri üçün bağladığını bildirib və "Qara dənizdə gərginliyin artmasının qarşısını almaq üçün bu müharibə boyu sarsılmaz qətiyyətini və prinsipial mövqeyini qoruyub saxlayır" deyib.
Forum