Accessibility links

Krımda Rusiyanın silah-sursat anbarında güclü partlayışlar olub


Çərşənbə axşamı Ukraynanın Rusiyanın işğalı altında olan Krım yarımadasında hərbi anbarda güclü partlayışlar nəticəsində yanğınlar baş verib, 3000-dən çox insan təxliyə edilib.

Güclü partlayışlar Mayskoyedə silah-sursat anbarında baş verib. Bu, Moskvanın 2014-cü ildə ələ keçirdiyi ərazidə Rusiyanın hərbi bazalarında bir həftə ərzində ikinci partlayışdır.

Rusiya hadisəni törədənləri dəqiqləşdirmədən son partlayışları “təxribat aktı” adlandırıb. Bu partlayışlar keçən həftə Saki aviabazasına Rusiyanın 9 döyüş təyyarəsinin məhv edilməsi ilə nəticələn hücumdan sonra baş verib.

Ukrayna Mayskoye insidentinə görə məsuliyyəti öz üzərinə götürməsə də, Ukrayna prezidentinin müşaviri Mixaylo Podolyak Twitter hesabında yazıb: “Ruslar tərəfindən işğal edilən Krım anbarlar, partlayışlar və işğalçılar və oğrular üçün yüksək ölüm riskidir. Demilitarizasiya fəaliyyətdədir” .

Krım administrasiyasının rəhbəri Sergey Aksyonov Rusiya Müdafiə Nazirliyinə istinadən partlayışları yanğınla əlaqələndirib və əlavə edib ki, partlayışlar davam edir. Rusiya rəsmiləri depoda baş verən yanğınların elektrik stansiyasına, elektrik xətlərinə, dəmir yollarına və bəzi yaşayış binalarına ziyan vurduğunu, lakin ciddi xəsarət alan olmadığını bildirib.

“Sakinlərin təxliyyəsi davam edir. Təhlükəsizliyi təmin etmək üçün insanlar insidentdən beş kilometrlik zonadan çıxarılır,” Aksyonov bildirib.

Ukrayna prezidentinin müşaviri Mixaylo Podolyak iddia edib ki, partlayışlardan zərər çəkmiş yaxınlıqdakı elektrik yarımstansiyası Zaporijye atom elektrik stansiyasından enerjinin Rusiyanın nəzarətində olan bölgələrə yönəldilməsi üçün istifadə olunurdu.

Krımın nəzarəti uğrunda mübarizə mübahisəli olaraq qalır. Moskva Ukraynadan onu Rusiyanın bir hissəsi kimi tanımasını tələb edir, Ukrayna isə müharibənin dayandırılması ilə bağlı hər hansı danışıqlar aparılmazdan əvvəl Krımın qaytarılmasını tələb edir.

Partlayışların baş verdiyi hərbi anbar yarımadanın şimalında, Ukraynanın cənubunda Rusiyanın nəzarətində olan Xerson bölgəsindən təxminən 50 kilometr məsafədə yerləşir.

XS
SM
MD
LG