Ukrayna hərbi kəşfiyyatının nümayəndəsi çərşənbə günü Rusiyanın keçən həftənin sonunda Krım körpüsünə ciddi ziyan vuran partlayışla bağlı araşdırmasını "cəfəngiyyat" adlandırıb.
Rusiya Prezidenti Vladimir Putin partlayışa görə Ukrayna təhlükəsizlik qüvvələrini günahlandırıb. Çərşənbə günü Rusiyanın Federal Təhlükəsizlik Xidməti (FSB) partlayışla bağlı 5 Rusiya, 3 Ukrayna və Ermənistan vətəndaşını nəzarət altına alıb.
"Federal Təhlükəsizlik Xidməti və İstintaq Komitəsinin bütün fəaliyyəti cəfəngiyyatdır" Ukraynanın ictimai televiziya və radio şirkəti "Suspilne" Ukrayna hərbi kəşfiyyatının mətbuat xidmətinin nümayəndəsi Andrey Yusovdan sitat gətirib.
Yusov deyib ki, Rusiyanın Federal Təhlükəsizlik Xidməti (FSB) və İstintaq Komitəsi "Putin rejiminə xidmət edən saxta strukturlardır, ona görə də biz onların növbəti bəyanatlarını şərh etməyəcəyik".
Xatırladaq ki, FSB çərşənbə günü Krım körpüsündə baş vermiş partlayışla bağlı 5 Rusiya, 3 Ukrayna və Ermənistan vətəndaşını saxladığını bildirib. FSB-nin məlumatına görə, hücumu Ukrayna hərbi kəşfiyyatı və onun direktoru Kirill Budanov təşkil edib.
Rusiya Federal Təhlükəsizlik Xidmətinin məlumatına görə, partlayıcı qurğu tikinti polietilen bağlamalarının içərisinə yerləşdirilib və Ukraynadan Bolqarıstan, Gürcüstan və Ermənistan vasitəsilə Rusiyaya aparılıb.
Bazar ertəsi Rusiya qoşunları Ukrayna şəhərlərinə, eləcə də infrastrukturuna genişmiqyası raket hücumları həyata keçirib.
Putin Təhlükəsizlik Şurasının iclasında deyib ki, zərbələr Ukraynanın enerji, hərbi və kommunikasiya infrastrukturunu hədəf alıb və bu, şənbə günü Rusiyanı Krımla birləşdirən körpüyə edilən hücuma cavabdır.
"Aydındır ki, Ukrayna xüsusi xidmət orqanları Rusiyanın mühüm mülki infrastrukturunu məhv etmək məqsədi daşıyan terror aktını sifariş və təşkil edib, həm də həyata keçirib" - deyə, Putin bildirib.