Accessibility links

Ukrayna mülki əhalinin Rusiyanın döyüş sursatı və texnikasını saxladığı ərazilərdən uzaq durmağa çağırıb


Rusiya tərəfindən işğal olunmuş Krım yarımadasındakı hərbi anbarda baş verən güclü partlayışlardan sonra Ukrayna Prezidenti Volodimir Zelenski orada və Ukraynanın cənubundakı digər bölgələrində yaşayan insanları “çox diqqətli” olmağa, Rusiya qüvvələrinin döyüş sursatı və texnikası saxladığı ərazilərdən uzaq durmağa çağırıb.

“İşğal olunmuş ərazilərdə partlayışların səbəbləri müxtəlif, çox fərqli ola bilər, xüsusən də mən işğalçıların özlərindən sitat gətirirəm, “səriştəsizlik”. Lakin bunların hamısı eyni məna daşıyır. İşğalçıların maddi-texniki təchizatı, döyüş sursatı, hərbi və digər texnikasının, komanda məntəqələrinin məhv edilməsi xalqımızın həyatını xilas edir” - deyə, Zelenski son müraciətində bildirib.

Çərşənbə axşamı Mayskoyedəki silah-sursat anbarında irimiqyaslı partlayış baş verib. Bu, Rusiyanın 2014-cü ildə ələ keçirdiyi ərazilərdəki bazalarında bir həftədə ikinci partlayışdır.

Rusiya hadisəni törədənləri dəqiqləşdirmədən son partlayışları “təxribat” adlandırıb. Onlar ötən həftə Rusiyanın 9 döyüş təyyarəsini məhv edən Saki aviabazasına edilən hücumdan sonra həyata keçirilib.

Ukrayna Mayskoye insidentinə görə məsuliyyəti öz üzərinə götürməsə də, Ukrayna prezidentinin müşaviri Mixaylo Podolyak Twitter hesabında yazıb: “Ruslar tərəfindən işğal edilən Krım anbarlar, partlayışlar və işğalçılar və oğrular üçün yüksək ölüm riskidir. Demilitarizasiya fəaliyyətdədir” .

Rusiya rəsmiləri depoda baş verən yanğınların elektrik stansiyasına, elektrik xətlərinə, dəmir yollarına və bəzi yaşayış binalarına ziyan vurduğunu, lakin ciddi xəsarət alan olmadığını bildirib.

Krıma nəzarət uğrunda mübarizə mübahisəli olaraq qalır, Moskva Ukraynadan onu Rusiyanın bir hissəsi kimi tanımasını tələb edir və Ukrayna müharibənin hər hansı yekunu üzrə danışıqlar aparılmazdan əvvəl onun Kyiv hökumətinə qaytarılmasını tələb edir.

Partlayışların baş verdiyi hərbi anbar yarımadanın şimalında, Ukraynanın cənubunda Rusiyanın nəzarətində olan Xerson bölgəsindən təxminən 50 kilometr məsafədə yerləşir.

XS
SM
MD
LG