Accessibility links

Ukrayna və Rusiya pilotsuz təyyarə hücumlarının qarşısını aldıqlarını bildirir


Ukrayna ordusunun cümə axşamı bildirdiyinə görə, Rusiya qüvvələri keçən gecə Ukraynaya 19 raket və 32 pilotsuz uçuş aparatı (PUA) ilə hücum edib. Rusiya isə Ukraynanın hava və dənizdən dronlarla hücumlar təşkil etdiyini bildirib.

Ukrayna Hərbi Hava Qüvvələri ölkənin Hava Hücumundan Müdafiə Qüvvələrinin 7 raket və 32 pilotsuz təyyarənin hamısını vurduğunu bəyan edib.

Ukraynanın mərkəzindəki Dnepropetrovsk vilayətinin qubernatoru Serhiy Lısakın dediyinə görə, pilotsuz təyyarələrdən 7-si vilayətin səmasında vurulub, parçaları isə bir evi və elektrik xətlərini zədələyib.

Raket və dronların qarşısı həmçinin Çerkassı, Xerson, Xmelnitski, Kirovohrad, Kyiv, Odesa, Vinnitsa, və Zaporijye vilayətləri səmalarnda da alınıb.

Rusiya Müdafiə Nazirliyi cümə axşamı Krasnodarın cənub-qərb bölgəsi üzərində Ukraynaya məxsus beş dronun məhv edildiyini bildirib.

Rusiya Hava Hücumundan Müdafiə Qüvvələri Azov dənizi üzərində 8 taktiki raketi və Rusiyanın işğal etdiyi Krım yarımadası yaxınlığında 8 PUA vurub. Rusiya Müdafiə Nazirliyi Ukraynanın Krıma doğru hərəkət edən iki PUA-nı Qara Dənizdə məhv etdiyini bildirib.

Ukrayna prezidenti Volodımir Zelenski çərşənbə günü axşam video-müraciətində 100-ə yaxın ölkənin və beynəlxalq təşkilatın iyunun ortalarında İsveçrədə keçiriləcək sülh konfransında iştirak etməyə hazırlaşdığını deyib.

Zelenski söyləyib ki, Rusiya bu toplantını pozmağa cəhd etməsinə baxmayaraq, hökuməti bu səylərə dəstək verir.

"Rusiya bunu etməyə çox çalışsa da, artıq sammiti pozmaq iqtidarında deyil. Liderlərə təzyiq edir, müxtəlif dövlətləri açıq şəkildə sabitliyin pozulması ilə hədələyir. Bu da dünyanın terrorçu dövlətə çox vaxt verməsinin nəticələrindən biridir," Zelenski bildirib.

Rusiya həmin konfransa dəvət olunmayıb.

Forum

XS
SM
MD
LG