Accessibility links

Ukrayna Avropa İttifaqını Rusiyanın raket istehsalına sanksiyalar tətbiq etməyə çağırıb


Ukraynanın xarici işlər naziri Dmitro Kuleba cümə axşamı bildirib ki, o, Avropa İttifaqını Rusiyanın raket istehsalı sənayesinə sanksiyalar tətbiq etməyə çağırıb.

Kuleba Tvitter hesabında Rusiyanın raket istehsalı "dayandırılmalıdır" yazıb. O, bu mesajı Avropa İttifaqının xarici siyasət rəhbəri Cozep Borrellə görüşü zamanı çatdırdığını, həmçinin Ukraynaya göstərdiyi müdafiə yardımına görə təşkilata təşəkkür etdiyini bildirib.

Rusiya ölkənin elektrik şəbəkəsi kimi əsas infrastruktur obyektləri də daxil olmaqla, Ukrayna şəhərlərinə raketlərlə zərbələr endirir.

Ukrayna ordusunun cümə axşamı bildirdiyinə görə, Rusiya qüvvələri Baxmut, Soledar və Opıtnoye də daxil olmaqla, Ukraynanın şərqindəki Donetsk vilayətinin bir neçə şəhərini atəşə tutub. Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı Rusiyanın Ukraynanın cənubundakı Xerson şəhərindəki mövqelərini hədəf almaq üçün tank və artilleriyadan istifadə etdiyini bildirib.

Birləşmiş Ştatlar çərşənbə günü bildirib ki, Rusiyanın Ukraynanın həyati əhəmiyyətli istilik, elektrik və su infrastrukturunu hədəf alan hücumları Moskvanın doqquz aydır davam edən işğalına qarşı mübarizədə Kyivi dəstəkləməkdə Qərbin qətiyyətini azaltmayacaq.

NATO-nun Rumıniyanın paytaxtı Buxarestdə keçirilən iki günlük sammitindən sonra ABŞ dövlət katibi Antoni Blinken keçirdiyi mətbuat konfransında Rusiya prezidenti Vladimir Putinin amansız soyuq qış aylarının başladığı bir vaxt "qəzəbini" Ukraynanın mülki əhalisinə qarşı cəmləşdirdiyini deyib.

"İstilik, su, elektrik - bunlar prezident Putinin yeni hədəfləridir. O, onları sərt şəkildə vurur. Bu, Ukrayna xalqına qarşı vəhşilikdir" - deyə, Blinken bildirib.

ABŞ-ın yüksək səviyyəli diplomatı Putini Ukraynaya dəstək verən Qərb koalisiyasını parçalamağa çalışmaqda ittiham edib. Belə ki, dünya boyu enerji qiymətləri artır və ukraynalılar adi elektrik kəsintiləri ilə üzləşir.

"Bu strategiya işləmir və işləməyəcək. Biz onun səhv olduğunu sübut etməkdə davam edəcəyik. Mən bunu Buxarestdəki hər bir ölkədən aydın şəkildə eşitdim" deyib Blinken.

Bu arada Avropa Komissiyasının sədri Ursula Fon Der Leyen Rusiyanın Ukraynaya qarşı cinayətlərini təqib etmək üçün xüsusi məhkəmənin yaradılmasına çağırıb.

Von Der Leyen "Rusiyanın təcavüzkar cinayətlərini araşdırmaq və mühakimə etmək" üçün Birləşmiş Millətlər Təşkilatının dəstəyi ilə bir məhkəmənin yaradılmasını təklif edib.

XS
SM
MD
LG