Accessibility links

Rusiya Ukraynanın mərkəzindəki hədəflərə yenidən dron hücumlarına başlayıb


Kyiv qüvvələrinin şərqdə şiddətli döyüşlər apardığı, cənubda isə Moskvanın təyin etdiyi rəsmilərin Ukraynanın potensial hücumunun qarşısını almaq üçün açıq-aşkar hazırlıq məqsədilə Xersondan insanları təxliyə etməyə davam etdiyi bir vaxt, Rusiya Ukraynanın mərkəzindəki hədəflərə qarşı yeni dron hücumlarına başlayıb.

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının noyabrın 5-də bildirdiyinə görə, onun qüvvələri keçən gün Rusiyanın şərqdə Luhansk və Donetsk vilayətlərinə hücumlarını dəf edə bilib.

Bu arada, Ukrayna ordusu Rusiyanın mövqelərinə 11 zərbə endirdiyini, Ukrayna Hava Hücumundan Müdafiə Qüvvələri isə Rusiyanın 1 ədəd "Orlan-10" pilotsuz təyyarəsini, 11 ədəd "Şahed-136" dronunu və 2 ədəd "Kalibr" qanadlı raketini vurduğunu bildirib.

Vinnitsa qubernatoru Serhiy Borzov Ukraynanın mərkəzi bölgəsinin bir gecədə Rusiyanın pilotsuz kamikadze təyyarələrinin hücumuna məruz qaldığını bildirib.

Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, son bir həftədə ən şiddətli döyüşlər Donetskin Baxmut və Soledar şəhərləri ətrafında baş verib. O, Ukrayna qüvvələrinin orada və regionun başqa yerlərində mövqelərini saxladığını bildirib.

Noyabrın 4-də gecə etdiyi video-müraciətində Zelenski həmçinin Rusiyanı "on minlərlə, yüz minlərlə insanı ət maşınına göndərməkdə" ittiham edib.

Onun sözlərinə görə, Rusiya ordusu Ukraynanın şərqindəki ərazilərdə çox ehtimal ki, iki Çeçen müharibəsində olduğundan çox canlı qüvvə və silah-sursat itirib.

Zelenski həmçinin cənubdakı "nailiyyətlərdən" də danışıb. O, "düşmənin texnikasını, Rusiyanın canlı qüvvəsini məhv etdiyi" üçün piyada və artilleriya briqadalarını tərifləyib.

Cənubun əsas şəhərlərindən biri olan Xersonda noyabrın 4-də 24 saatlıq komendant saatı tətbiq edilib. Rusiyanın Xerson vilayətində qurduğu işğalçı administrasiyasının rəis müavini Kirill Stremousov deyib ki, bu tədbir ehtimal olunan Ukrayna hücumu təhlükəsindən qorumaq üçün lazımdır.

Xerson Ukraynanı ikiyə bölən Dnepr çayının qərb sahilində yerləşir və Ukraynanın bombardmanı nəticəsində ərzaq və təchizatla əlaqəsi kəsilib. Rusiya mülki əhalini bölgədən köçürməyə davam edir.

Rusiya ordusu hər gün "5 mindən çox mülki şəxsin" Dnepr çayının qərb sahilindən şərq sahilinə aparıldığını bildirib.

XS
SM
MD
LG