Ukrayna Prezidenti Volodimir Zelenski bazar ertəsi Ukraynanın yeni azad edilmiş Xerson şəhərində qoşunlara müraciət edərək deyib ki, Ukrayna "sülhə, ölkəmiz üçün sülhə hazırdır".
Prezidentin Xersona səfəri Rusiya qoşunlarının cənub-şərqdəki şəhərdən geri çəkilməsindən bir neçə gün sonra baş verib.
Bazar ertəsi Britaniya Müdafiə Nazirliyi Twitter səhifəsində Rusiyanın Ukraynaya hücumu ilə bağlı yerləşdirdiyi kəşfiyyat məlumatında "qış münaqişə şəraitində həm Rusiya, həm də Ukrayna qüvvələrinə dəyişiklik gətirəcək" yazıb.
"Yaydakı 15-16 ilə saat gün işığı ilə müqayisədə qışdakı gün işığı 9 saatdan az olacaq. Bu, görmə qabiliyyətini azaldacaq ki, bu, gecələr daha az hücum və daha statik müdafiə deməkdir", hesabatda deyilib.
Hesabatda "Sentyabr-noyabr aylarında temperatur 13 dərəcə aşağı düşəcək, dekabr-fevral aylarında sıfıra enəcək. Qış havası üçün geyim və yaşayış yeri olmayan qüvvələrin donmadan əziyyət çəkmə ehtimalı yüksəkdir. Bundan əlavə, "qızıl saat" - ağır yaralı əsgərləri xilas etmək vaxtı təxminən yarıya enir ki, bu da düşmənlə təmas riskini xeyli artırıb" deyilib.
Zelenski bazar günü etdiyi gündəlik müraciətində ukraynalılara "Xerson vilayətində vəziyyətin hələ də çox təhlükəli olduğunu" unutmamalarını xatırladıb. "İlk növbədə, minalar var. Mən bütün Xersonun sakinlərini çox diqqətli olmağa çağırıram" deyib.
Volodimir Zelenski bildirib ki, Rusiya qüvvələri geri çəkilməzdən əvvəl Xersonda kommunikasiya, su təchizatı, istilik və elektrik stansiyaları da daxil olmaqla mülki infrastrukturu dağıdıb.
Prezident deyib ki, "Rusiya ordusu ölkəmizin daxil ola bildiyi digər bölgələrində olduğu kimi Xerson vilayətində də kimi arxasında vəhşiliklərini qoyub. Biz hər bir qatili tapıb məsuliyyətə cəlb edəcəyik. Heç şübhəniz olmasın".
Ukrayna rəsmiləri Kyiv qüvvələrinin Rusiyanın müharibənin əvvəlində ələ keçirdiyi və hazırda qoyub qaçdığı strateji regional paytaxt Xersona daxil olmasından iki gün sonra, bazar günü ərzaq, su və dərman daşımağa başlayıb.
Ağ Ev şənbə günü Ukraynanın Xerson şəhərini Rusiyadan azad etməsini “fövqəladə qələbə” kimi alqışlayıb.
"Belə görünür, ukraynalılar Xersonda fövqəladə qələbə qazanıb. Rusiyanın bu müharibədə ələ keçirdiyi yeganə regional paytaxt yenidən Ukrayna bayrağı altındadır və bu, olduqca diqqətəlayiqdir", ABŞ-ın milli təhlükəsizlik müşaviri Ceyk Sallivan şənbə günü Prezident Co Baydeni Kambocada keçirilən ASEAN sammitində müşayiət edən zaman müxbirlərə bildirib.