Accessibility links

Ukrayna prezidenti: Vaxtı silahımıza çevirməliyik


Bazar günü Rusiyanın Ukraynanın cənubundakı Xerson şəhərini atəşə tutması 3 nəfərin ölümünə, 6 nəfərin yaralanmasına səbəb olub.

Hücum Ukrayna prezidenti Volodimir Zelenskinin müttəfiqlərinin vəd edilmiş silahların çatdırılmasını sürətləndirməsi zərurətini bir daha dilə gətirməsinə vadar edib.

"Biz vaxtı silahımıza çevirməliyik. Biz Ukrayna üçün zəruri silah tədarükünü və yeni variantlarını sürətləndirməliyik" - deyə, Zelenski bildirib.

Zelenski Xersonda yaşayış binaları, xəstəxana, məktəb, avtovağzal, poçt şöbəsi və bankın da atəşə məruz qaldığını deyib.

Rusiya və Ukrayna bazar günü Donetsk vilayətinin şərqində Blahodatne yaxınlığındakı əraziyə nəzarətlə bağlı ziddiyyətli iddialar irəli sürüb.

Rusiyanın muzdlulardan ibarət hərbi "Vaqner" qruplaşması kəndi nəzarətə götürdüyünü, Ukrayna ordusu isə hücumu dəf etdiyini bildirib.

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı şənbə günü gedən döyüşlərə istinad edərək, "Ukrayna Müdafiə Qüvvələrinin bölmələri Donetsk vilayətinin Blahodatne ərazilərində işğalçıların hücumlarını dəf edib" deyib.

Ukrayna ordusunun dediyinə görə, Donetsk vilayətinin daha 13 yaşayış məntəqəsində Rusiyanın hücumlarını dəf edib.

Lakin Birləşmiş Ştatların transmilli cinayət təşkilatı kimi təyin etdiyi "Vaqner" qrupu şənbə günü Telegram mesajlaşma proqramında bölmələrinin Blahodatne üzərində nəzarəti ələ keçirdiyini yazıb.

Son həftələr əsasən də Baxmut şəhəri ətrafında olmaqla, Donetsk bölgəsində döyüşlərin şiddətlənməsi ilə cəbhə xətti dəqiq bəlli deyil. "Vaqner" qrupu uğurla bağlı iddialarla əvvəllərdə də vaxtından əvvəl çıxış etmişdi.

XS
SM
MD
LG