Accessibility links

Rusiyanın hücumlarından sonra Ukrayna şəhərlərdə elektrik enerjisini bərpa etməyə çalışır


Ukrayna rəsmiləri mülki infrastrukturunu hədəf alan hava hücumlarına görə, dünyanı Rusiyaya qarşı hərəkətə keçməyə çağırıb.

Ukraynanın xarici işlər naziri Dmitri Kuleba cümə axşamı Twitter hesabında Rusiya "silahsız mülki insanlara qarşı ən qorxaq və amansız müharibə aparır" yazıb.

O, şərhlərini prezident Volodimir Zelenskinin BMT Təhlükəsizlik Şurası qarşısında video çıxışı zamanı rus raketlərinin xəstəxanaları, məktəbləri, nəqliyyat obyektlərini və yaşayış məntəqələrini vurduğunu deməsindən sonra verib. Zelenski bildirib ki, Ukrayna dünyadan "çox sərt reaksiya" gözləyir.

Rusiyanın BMT-dəki səfiri Vasili Nebenzya deyilənləri rədd edib və onları Ukrayna və onun Qərb tərəfdarlarının "ağılsız təhdidləri və ultimatumları" adlandırıb.

Çərşənbə günü Rusiyanın hava hücumları paytaxt Kyiv də daxil olmaqla, Ukraynanın bir çox şəhərlərində elektrik enerjisini kəsib. Kyiv rəsmiləri hava hücumu zamanı üç nəfərin öldüyünü bildirib.

Polşa ilə sərhədə yaxınlığındakı ərazidə, Qərbdəki Lviv şəhərinin merinin bidirdiyinə görə, bütün şəhərin elektrik enerjisi kəsilib. O, neçə hədəfin vurulduğu barədə məlumat verməyib.

Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) Ukraynanın Avropanın ən böyük Zaporijye Atom Elektrik Stansiyasının elektrik enerjisinin xaricə çıxışını növbəti dəfə itirdiyini bildirib.

BAEA-nın baş direktoru Rafael Mariano Qrossi tez-tez nüvə fəlakəti ehtimalının qarşısını almaq üçün nüvə stansiyası yaxınlığında döyüşlərin dayandırılmasına çağırsa da, bunun heç bir faydası olmayıb.

Ukrayna infrastrukturuna hücumlar davam etdiyi üçün Birləşmiş Ştatlar Kyivə daha 400 milyon dollar dəyərində silah-sursat və generatorlar göndərəcəyini açıqlayıb. Bununla da doqquz aylıq müharibə zamanı ABŞ-ın dəstəyinin həcmi 19 milyard dolları keçir.

XS
SM
MD
LG