Ukrayna rəsmilərinin çərşənbə günü bildirdiyinə görə, Rusiyanın pilotsuz təyyarəsinin gecə saatlarında Kyiv vilayətində həyata keçirdiyi hücumu nəticəsində azı 3 nəfər ölüb.
Dövlət fövqəladə hallar xidməti hücumun paytaxtdan təxminən 60 kilometr cənubunda yerləşən Rjişivdəki məktəb binasını, iki tələbə yataqxanasıni və bir təhsil ocağını zədələdiyini bildirib.
Ukrayna prezidenti Volodimir Zelenski çərşənbə günü Tvitter hesabında Rusiyanın keçən gecə həyata keçirdiyi hücumlarda "İranın 20 pilotsuz uçan aparatından və raketlərdən" istifadə etdiyini yazıb.
"Hər dəfə Moskvada "sülh" sözü eşidiləndə, bu cür cinayətkar hücumlara əmr verilir" - deyə, Zelenski bildirib.
Ukrayna lideri bildirib ki, onun qüvvələrinin uğuru “sülhü yaxınlaşdırır” və o, qlobal birliyə və Rusiyanı hədəf alan sanksiyalara əməl etməyə çağırıb.
Rusiya prezidenti Vladimir Putin çərşənbə axşamı Çin lideri Si Cinpini qəbul edərkən Çinin hazırladığı sülh planını tərifləsə də, eyni zamanda Ukraynanın və onun Qərb tərəfdaşlarının sülh danışıqlarında iştirak etmək istəmədiyinə dair mövqeyini təkrarlayıb.
Zelenski deyib ki, sülh danışıqları yalnız Rusiya bütün qoşunlarını Ukrayna ərazisindən çıxardıqdan sonra baş verə bilər.
Zelenski Ukraynada çərşənbə axşamı Kyivdə Ukraynaya dəstək nümayiş etdirən Yaponiyanın baş naziri Fumio Kişida ilə görüşüb.
Kişida Rusiyanın 2022-ci ilin fevralında genişmiqyaslı işğalına başlamasından bəri müharibə vaxtı Ukraynaya səfər edən sonuncu dünya lideridir.
Kişida çərşənbə günü Tvitter hesabında "G-7-nin sədri kimi qəti qərarımı göstərmək və vəziyyəti öz gözlərimlə görmək üçün Ukraynaya səfər etdim" yazıb.