Accessibility links

Ukrayna və Rusiya qüvvələri arasında Kyivə nəzarət uğrunda döyüşlər davam edir


Ukrayna təhlükəsizlik qüvvələri Kyivdə Maydan ərazisində küçələrdə patrul çəkir, 27 fevral 2022-ci il.
Ukrayna təhlükəsizlik qüvvələri Kyivdə Maydan ərazisində küçələrdə patrul çəkir, 27 fevral 2022-ci il.

Bazar günü, Rusiyanın Ukraynaya hərbi müdaxiləsinin dördüncü günündə Rusiya hərbi qüvvələri və Ukrayna müdafiə qüvvələri arasında paytaxt Kyiv və digər şəhərlərə nəzarət uğrunda döyüşlər davam edir.

Bazar günü Rusiya qoşunları Ukraynanın ikinci böyük şəhəri Xarkova daxil olub və burada şiddətli müqavimətlə üzləşib.

Ukraynanın baş prokuroru İrina Venediktova Rusiya qüvvələrinin Rusiya sərhədindən təxminən 40 kilometr aralıda yerləşən Xarkovu ala bilmədiyini bildirib. Associated Press agentliyinin məlumatına görə, o, şiddətli döyüşlərin getdiyini deyib.

Bazar günü səhər saatlarında Ukrayna prezidentinin ofisi Xarkovda partlayış barədə məlumat verib və Rusiya qüvvələrinin qaz kəmərini partlatdığını bildirib.

Partlayışın “ekoloji fəlakətə” səbəb ola biləcəyi bildirilən mesajda sakinlər pəncərələri nəm parça və ya cuna ilə örtməsi və çoxlu maye içməsinə çağırılıb.

Ukraynanın şərqində, 2014-cü ildən Rusiyanın dəstəklədiyi separatçıların nəzarətində olan Donetsk şəhərinin də atəşə tutulması barədə məlumatlar verilir.

Bundan öncə Ukrayna prezidenti Rusiya ilə sülh danışıqlarına başlaya biləcəyini, lakin Rusiyanın danışıqlar üçün rəsmi nümayəndələrini göndərdiyi Belarusda Rusiya nümayəndə heyəti ilə görüşü istisna etdiyini bildirib.

Ukrayna prezidenti Volodimir Zelenski Kyivdə brifinq keçirir, 26 fevral 2022-ci il.
Ukrayna prezidenti Volodimir Zelenski Kyivdə brifinq keçirir, 26 fevral 2022-ci il.

Zelenski Rusiyanın Belarusdan Ukraynaya hücum etmək üçün istifadə etdiyinə görə Belarusda görüşün qəbuledilməz olduğunu deyib.

Qərb müttəfiqləri Zelenskinin yardım çağırışına cavab verir. Almaniya kansleri Olaf Scholts şənbə günü ölkəsinin Ukraynaya “mümkün qədər tez zamanda” 1000 tank əleyhinə silah və 500 Stinger hava hücumundan müdafiə sistemi göndərəcəyini, Fransa prezidentinin ofisi isə Fransanın müdafiə silahları və yanacaq göndərəcəyini bildirib.

“Müharibə əleyhinə koalisiya işləyir”, Ukrayna prezidenti Vladimir Zelenski Twitter hesabında yazıb.

ABŞ Ukraynanın davamlı müqavimətini” görür

“Müşahidə etdiklərimizə əsasən, biz bu müqavimətin rusların gözlədiyindən daha böyük olduğuna inanmağa davam edirik... xüsusən də Ukraynanın şimal bölgələrində” – deyə, ABŞ Müdafiə Nazirliyinin rəsmisi şənbə günü jurnalistlərə bildirib.

Kəşfiyyat məlumatlarının müzakirə edildiyi üçün ABŞ Müdafiə Nazirliyinin adının çəkilməsini istəməyən yüksək səviyyəli rəsmisi brifinq zamanı jurnalistlərə Rusiya qüvvələrinin hərbi hücuma başlayandan bəri 200-dən çox ballistik və qanadlı raketdən zərbə endirdiyini, onların əksəriyyətinin Ukrayna ordusunu hədəfə aldığını bildirib.

“Onlar gözlədiklərindən daha çox müqavimətlə qarşılaşırlar”, ABŞ rəsmisi qeyd edib.

Amnesty İnternational Rusiyanın təşkilatın baş katibi Anyes Kallamardın bəyanatında deyildiyi kimi, “ballistik raketlər və əhalinin sıx məskunlaşdığı yerlərdə böyük əraziləri təsirinə məruz qoya bilən digər partlayıcı silahlardan istifadə edərək, mülki insanların həyatına açıq-aşkar etinasızlıq göstərdiyini” nümayiş etdirərək, Ukraynaya hərbi hücumu ilə müharibə cinayətləri törətmiş ola bildiyini bildirib.

Luqansk vilayətində yol kənarında Ukrayna qüvvələri tərəfindən vurulan Rusiya tankı, 26 fevral 2022-ci il.
Luqansk vilayətində yol kənarında Ukrayna qüvvələri tərəfindən vurulan Rusiya tankı, 26 fevral 2022-ci il.

Rusiyanın iddiaları

Rusiya rəsmiləri cümə günü ölkənin silahlı qüvvələrinin terror təhlükəsini aradan qaldırmaq səylərində ciddi irəliləyiş əldə etdiyini bildirərək cavab veriblər.

Rusiya Müdafiə Nazirliyinin sözçüsü general-mayor İqor Konaşenkov şənbə günü Rusiya hərbçilərinin hücum başlayandan bəri Ukraynanın 821 hərbi obyektini, 87 tankını və digər hədəflərini vurduğunu iddia edib.

Konaşenkov Rusiya qüvvələrinin Azov dənizi sahilindən 35 kilometr aralıda yerləşən Melitopol şəhərini tam nəzarətə götürdüyünü iddia edib və Rusiyanın dəstəklədiyi separatçıların Donbasın şərq bölgəsində əhəmiyyətli uğurlar əldə etdiyini bildirib.

Ukraynada yerlərdə durum

Qərb rəsmiləri vəziyyətin qeyri-sabit olduğu barədə xəbərdarlıq edib və hər şeyin sürətlə dəyişə biləcəyini qeyd ediblər. Onların hesablamalarına görə, Rusiyanın Ukrayna sərhəddində yerləşdirilən 190 minlik hərbi qüvvəsinin yarısı döyüşə qoşulub.

Rusiyanın İnterfaks xəbər agentliyinin Ukrayna Səhiyyə Nazirliyinə istinadən verdiyi məlumata görə, hərbi müdaxilə zamanı üçü uşaq olmaqla, azı 198 ukraynalı həlak olub. Bu rəqəmə yalnız mülki ölümlərin daxil edilib-edilmədiyi məlum deyil.

XS
SM
MD
LG