Accessibility links

Ukrayna ordusu Şərqi Luhansk regionunda irəliləyiş əldə etdiyini iddia edir


Ukrayna ordusu ölkənin qismən işğal olunmuş Luhansk vilayətinin "ən mühüm logistik arteriyalarından birində" Rusiya qüvvələrinə qarşı "yavaş, lakin inamla" irəlilədiyini bildirib.

Ukrayna Silahlı Qüvvələrinin Strateji Rabitə İdarəsi sentyabrın 22-də Telegram kanalında yazıb ki, Şərqi Luhansk vilayətindəki Lisiçansk şəhəri yaxınlığındakı Rusiyanın işğalçı qüvvələri "pis vəziyyətdədir".

Ukraynanın şərqindəki Donbas regionunun bir hissəsi və sentyabrın 23-dən etibarən Rusiya Federasiyasına ilhaq üçün mübahisəli səsvermə keçirməyə hazırlaşan, Rusiyanın nəzarətindəki dörd ərazidən biri olan Luhansk demək olar ki, Rusiya qüvvələrinin tam nəzarəti altındadır. Ukrayna və onun müttəfiqləri belə səsvermələrin qanunsuz olacağını bildirib.

Kyiv qüvvələri son həftələr Rusiyanın fevral ayında Ukraynaya əsassız müdaxiləsindən az sonra şərqdə ələ keçirdiyi əraziləri geri qaytarıb.

Ukraynanın Luhansk vilayətinin hərbi qubernatoru Serhiy Hayday sentyabrın 19-da Ukrayna qüvvələrinin bölgədəki bəzi kəndləri azad etdiyini bildirib. Sentyabrın 21-də isə Hayday bildirib ki, vilayətin mərkəzi Luhanskdan təxminən 160 kilometr şimal-qərbdə yerləşən Svatovoda işğalçı qüvvələrin istifadə etdiyi komanda qərargahı Ukrayna hərbçiləri tərəfindən məhv edilib.

Sentyabrın 22-də Rusiya və Ukrayna qüvvələri arasında raket və artilleriya atışmaları olub və nəticədə azı 6 nəfər həlak olub.

Ukrayna rəsmilərinin bildirdiyinə görə, Rusiyanın cənubdakı Zaporijya şəhərinə endirdiyi zərbələr nəticəsində 1 nəfər ölüb, 5 nəfər yaralanıb.

Donetsk vilayətində Rusiyanın nəzarətində olan ərazilərin rəsmiləri bildiriblər ki, Ukraynanın bölgənin paytaxtı Donetskə açdığı atəş nəticəsində 5 nəfər həlak olub.

XS
SM
MD
LG