Accessibility links

Ümumdünya Ərzaq Proqramı: Mühasirədə olan Mariupol şəhərinin sakinləri aclıq çəkir


BMT-nin Ümumdünya Ərzaq Proqramının rəhbəri Ukraynanın mühasirədə olan Mariupol şəhərində insanların "acından öldüyünü" deyib. O, Rusiyanın qarşıdakı həftələrdə hücumlarını gücləndirəcəyi üçün ölkədəki humanitar böhranın daha da ağırlaşacağını proqnozlaşdırıb.

Ümumdünya Ərzaq Proqramının icraçı direktoru David Bisli cümə axşamı Kyivdə Associated Press agentliyinə verdiyi müsahibəsində Rusiyanın taxıl ixrac edən Ukraynaya müdaxiləsinin onun sahillərindən uzaqda olan ölkələrin sabitliyini poza biləcəyi və miqrant dalğalarına səbəb ola biləcəyi barədə xəbərdarlıq edib.

Bisli fevralın 24-də başlayan müharibənin "Ukrayna xalqını viran" etdiyini deyib və münaqişə zamanı ehtiyacı olanlara yardım etməyə çalışan Ümumdünya Ərzaq Proqramı və digər təşkilatların üzləşdiyi çıxışsızlıqdan təəssüfləndiyini bildirib.

O, "Mən heç bir yüngülləşmə görmürəm. Sadəcə, bunun hazırda baş verdiyini görmürəm" deyib.

Döyüşlərin paytaxt ətrafından çəkilərək, Ukraynanın şərqinə doğru dəyişməsi ac ukraynalılara yardımı xüsusilə çətinləşdirib.

Ümumdünya Ərzaq Proqramı indi döyüşə girə biləcək ərazilərə ərzaq ehtiyatı çatdırmağa çalışa da, Bisli etiraf edib ki, vəziyyət sürətlə dəyişdikcə "çətinliklər də artır".

Onun sözlərinə görə, çıxışın olmaması problemin bir hissəsidir, lakin resurslar müharibə səylərinə yönəldildiyi üçün işçi qüvvəsi və yanacaq çatışmazlığı da yaşanır.

"Bu, yalnız yaxın bir neçə gün deyil, növbəti bir neçə həftə və bir neçə ay daha da mürəkkəbləşə bilər. Əslində vəziyyət getdikcə pisləşir, müəyyən ərazilərdə cəmləşir və cəbhə xəttləri uzanacaq" - deyə, o bildirib.

Bisli mühasirədə olan və müdafiəçilərinin sayı getdikcə azalan liman şəhəri Mariupolda 100 mindən çox mülki vətəndaşın ərzaq, su və istiliyə ehtiyacı ilə bağlı narahatlığını xüsusi ifadə edib.

Ümumdünya Ərzaq Proqramı şəhərə giriş tələb etsə də, şəhərə çıxışa nəzarət edən Rusiya qüvvələri yardıma icazə verməyib.

"Biz Mariupol əhalisindən və əlimizin çata bilmədiyi digər insanlara üzümüzü döndərməyəcəyik. Lakin bu dəhşətli bir vəziyyətdir, insanlar aclından ölür" deyib.

Rusiya Mariupolu ələ keçirməkdə qərarlıdır. Belə ki, planlaşdırdığı hücum üçün ilhaq etdiyi Krım yarımadasındakı qüvvələrinin Ukraynanın şərqi sənaye mərkəzi Donbasın digər hissələrindəki qoşunları ilə birləşməsini istəyir.

XS
SM
MD
LG