Ukrayna qüvvələrinin cənubda və şərqdə hücum əməliyyatlarını davam etdirdiyi bir vaxt, region rəsmiləri sentyabrın 27-də Rusiya qoşunlarının Ukraynanın cənubundakı Nikopol və Xerson bölgələrinə yeni artilleriya zərbələri endirdiyini, dinc əhali arasında yaralananların olduğunu, evlərə və infrastruktura ziyan dəydiyini bildirib.
Vilayət hərbi administrasiyasının rəhbəri Aleksandr Prokudin Telegram kanalında Rusiyanın atəşi nəticəsində son bir sutka ərzində Xersonda 12 nəfərin yaralandığını yazıb.
Dnepropetrovsk vilayətinin hərbi administrasiyasının rəhbəri Serhi Lısak sentyabrın 27-də Telegram-da bildirib ki, Rusiyanın zərbələri nəticəsində Nikopol vilayətində iki nəfər yaralanıb.
"Düşmən gecə Mirivska Hromadanı və Nikopola ağır artilleriya zərbələri endirdi" - deyə, Lısak yazıb və əlavə edib ki, yaralanan iki nəfər xəstəxanada orta ağır vəziyyətdədir. O, hücum zamanı ikimərtəbəli binanın yandığını və xilasedicilərin yanğını söndürdüklərini bildirib.
Bu arada, Ukrayna Ordusunun Baş Qərargahı gündəlik yeniləməsində Ukrayna qüvvələrinin şərqdəki Baxmut şəhəri və cənubdakı Melitopol bölgəsi istiqamətində hücum əməliyyatları apardığını bildirib və əlavə edib ki, son 24 saat ərzində cəbhə xəttində ümumilikdə 26 yaxınməsafəli döyüşlər aparılıb.
Ukrayna rəsmiləri sentyabrın 26-da Rusiyanın yenidən Odesa vilayətində taxıl ixrac edən obyektlərə zərbələr endirdiyini, yerli sakinlər arasında xəsarət alanların olduğunu bildirib.
Odesa qubernatoru Oleh Kiper bildirib ki, Ukraynanın taxıl ixracı üçün istifadə etdiyi Dunayın iki limanından biri, İzmayıl vurulub. Onun dediyinə görə, iki nəfər yaralanıb, nəzarət-buraxılış məntəqəsinin binası, anbarlar, 30-dan çox yük maşını və minik avtomobili zədələnib.
Rusiya Ukraynanın cənubundakı Odessa və Mikolayiv vilayətlərini, əsasən də Ukraynanın taxıl ixrac edən infrastrukturunu hədəf alaraq, Ukrayna ərazilərinə havadan bombardmanlarını gücləndirib.
Forum