Ukrayna qüvvələrinin ölkənin şimal-şərqində əks-hücum əməliyyatlarından sonra rəsmilər Rusiyanı Ukraynanın enerji sistemini və digər mülki infrastrukturunu hədəf almaqda ittiham edib.
"Elektrik enerjisi Xarkiv və Donetsk vilayətlərində tam, Zaporijye, Dnepropetrovsk və Sumi vilayətlərində qismən kəsilib. Heç bir hərbi obyekt yoxdur, məqsəd insanları işıqdan və istilikdən məhrum etməkdir" - deyə, Ukrayna Prezidenti Volodimir Zelenski bazar günü axşam tvitter hesabında yazıb.
Ukrayna qüvvələri son günlər Rusiya qoşunlarının əsas komandanlıq və təchizat mərkəzi kimi istifadə etdiyi İzyum şəhərini geri alınması da daxil olmaqla, Xarkiv vilayətində bir sıra uğurlar əldə etdiyini iddia edib.
Ukraynanın hərbi baş komandanı, general Valeri Zalujnıy Ukrayna ordusunun sentyabrın əvvəlindən bəri Moskva qüvvələrindən 3000 kvadrat kilometr ərazisini geri aldığını bildirib. Onun dediyinə görə, Ukrayna qoşunları hazırda Rusiya ilə sərhəddən cəmi 50 kilometr aralıdadır.
Döyüş meydanındakı bu irəliləyiş müharibənin əvvəlindən, Rusiyanın paytaxt Kyivi ələ keçirmək cəhdinin qarşısını alandan bəri Ukraynanın ən böyük uğurudur.
Rusiya Müdafiə Nazirliyi Ukraynanın əldə etdiyi nailiyyətlərə cavab olaraq, şənbə günü qoşunlarının Xarkiv vilayətinin İzyum və digər bölgələrindən çıxarılmasının cənubdakı Donetsk bölgəsində Rusiya qüvvələrini gücləndirmək məqsədi daşıdığını bildirib.
Lakin geri çəkilmə rusiyalı hərbi bloqerlər və millətçi şərhçilərin qəzəbli şərhlərinə səbəb olub. Onlar bunu böyük məğlubiyyət kimi qiymətləndirib və Kremli müharibə səylərini gücləndirməyə çağırıb. Onlar Rusiya hökumətini Moskvada şənbə günü qeyd edilən bayramda atəşfəşanlıq və şənliklərə görə tənqid edib.
Böyük Britaniyanın Müdafiə Nazirliyi Ukrayna qüvvələrinin Xarkiv bölgəsində əhəmiyyətli nailiyyətlər əldə etməyə davam etdiyini bildirib.
Agentliyin bazar günü tvitter səhifəsində dərc edilmiş kəşfiyyat hesabatında "Rusiya çox güman ki, bölmələrini ərazidən çıxarıb, lakin strateji əhəmiyyətli Kupyansk və İzyum şəhərləri ətrafında döyüşlər davam edir" deyilib.
Qərbin hərbi analitiklərinin bildirdiyinə görə, irəliləyişlər təsdiq olunarsa, bu, Moskvanın Ukraynanın şərqində minlərlə əsgəri təchiz etmək üçün istifadə etdiyi əsas dəmir yoluna nəzarəti ukraynalılara verəcək.