Accessibility links

Rusiyanın Toretsk şəhərinə hücumu zamanı daha 6 mülki vətəndaş ölüb


Ukraynanın Fövqəladə Hallar Xidmətinin rəsmilərinin iyulun 18-də bildirdiklərinə görə, Rusiya ordusunun Ukraynanın şərqindəki Toretsk şəhərindəki binanı atəşə tutması nəticəsində 6 nəfər ölüb.

Ukrayna Fövqəladə Hallar üzrə Dövlət Xidmətinin sosial şəbəkədə yaydığı məlumatda “Toretsk şəhəri səhər tezdən atəşə tutulub. İçərisində insanların olduğu ikimərtəbəli bina dağıdılıb” deyilib.

"Xilasedicilər ümumilikdə 5 nəfərin cəsədini aşkar edib. Dağıntılar altından sağ çıxarılan üç nəfərdən biri xəstəxanada ölüb" - deyə, məlumatda bildirilib.

Xidmət sosial mediaya xilasedicilərin dağıntıları qazdıqları və dağılmış binanın qalıqlarını əks etdirən fotoşəkillər yerləşdirib və sağ qalanların axtarışlarının başa çatdığını bildirib.

Təxminən 30 min əhalisi olan Toretsk şəhəri Ukraynanın nəzarətində olan şərqdəki sonuncu sənaye şəhərlərindən biri Kramatorskdan təxminən 50 kilometr cənubda yerləşir.

İyulun 17-də Ukrayna ordusunun rəsmisi bildirib ki, Rusiya Ukraynaya hərbi əməliyyatlatlarının növbəti mərhələsinə hazırlaşır. Onun sözlərinə görə, Moskvanın əsas məqsədi şərqdə Donbasın Donetsk və Luhansk vilayətlərini tam ələ keçirmək olsa da, hücumlar Ukraynanın mərkəzi, şimal-şərq və cənubunda da həyata keçirilir.

“Bu, təkcə havadan və dənizdən raket zərbələri deyil. Biz atəşin bütün təmas xətti boyunca, bütün cəbhə xətti boyunca tutulduğunu görürük. Taktiki aviasiya və vertolyotlardan fəal istifadə olunur” - deyə, Ukrayna hərbi kəşfiyyatının sözçüsü Vadim Skibitski bildirib.

O, “həqiqətən də bütün cəbhə xətti boyunca düşmənin müəyyən fəallaşması var. Aydındır ki, indi hücumun növbəti mərhələsinə hazırlıq gedir” deyib.

Kyiv son günlər qüvvələrinin əsasən də cənubda itirilən torpaqları geri qaytarmaq üçün genişmiqyaslı əks hücuma hazırlaşdığını bildirib.

Rusiya mülki əhalini hədəf aldığını inkar etsə də, təxminən beş aydır davam edən hücumu, çox sayda qeyri-hərbi obyektləri bombalaması nəticəsində yüzlərlə insan ölüb.

Dünyaya Baxış

Dünyaya Baxış. Tramp Ağ Ev aparat rəhbərinin adını açıqladı
please wait

No media source currently available

0:00 0:10:02 0:00
XS
SM
MD
LG