Accessibility links

Ukrayna: Rusiya ilə müharibədə təxminən 9000 hərbçi həlak olub


Ukrayna hərbi komandanının bildirdiyinə görə, Rusiyanın təxminən altı ay əvvəl hücumundan bəri 9 minə yaxın Ukrayna əsgəri həlak olub.

General Valeri Zalujnıy bu barədə bazar ertəsi veteranlara həsr olunmuş tədbirində bildirərək, aprel ayından bəri Ukraynanın hərbi itkiləri ilə bağlı ilk rəsmi məlumatı verib.

Birləşmiş Millətlər Təşkilatı Rusiyanın fevralın 24-də Ukraynaya qarşı başladığı hərbi təcavüzü zamanı 5500-dən çox dinc sakinin öldüyünü təsdiqlədiyini bildirib.

BMT Uşaq Agentliyi bazar ertəsi bildirib ki, azı 972 ukraynalı uşağın zorakılıq nəticəsində öldürüldüyü və ya yaralandığı təsdiqlənsə də, həqiqi sayın daha çox olacağı ehtimalı var.

UNICEF-in icraçı direktoru Ketrin Rasselin bəyanatında uşaq itkilərinin əksəriyyətinin partlayıcı silahlardan istifadə nəticəsində baş verdiyi bildirilib.

Çərşənbə günü müharibənin başlamasından altı ay keçir. Bu həm də Ukraynanın Müstəqillik Günüdür - ölkənin Sovet hakimiyyətindən müstəqillik əldə etməsindən 31 il keçir.

Ukrayna prezidenti Volodimir Zelenski Ukraynanın Müstəqillik Gününü qeyd etməyə hazırlaşdığı bir vaxtda Rusiyanın Ukraynaya qarşı potensial addımları barədə xəbərdarlıq edib.

Ukraynanın paytaxtı Kyivdə Müstəqillik Günü ilə bağlı ictimai tədbirlər ləğv edilib. Reuters xəbər agentliyinin bildirdiyinə görə, hökumət sənədində Kyiv hökumətinin bazar ertəsindən cümə axşamına kimi yubileylə bağlı ictimai tədbirləri qadağan etdiyi qeyd edilib.

Bazar ertəsi Ukrayna Rusiyanın ölkənin əsas atom elektrik stansiyasının yerləşdiyi ərazinin yaxınlığında havadan hücumlar həyata keçirdiyiin bildirib.

Vilayət qubernatoru Valentin Rezniçenko bildirib ki, Rusiyanın raket zərbələrinin Zaporijye Atom Elektrik Stansiyasının qərbindəki əraziləri hədəf alıb. Rezniçenko raketlərin evlərə, uşaq bağçasına və mağazalara düşdüyünü bildirib.

Rusiya və Ukrayna nüvə elektrik stansiyası yaxınlığındakı əraziləri atəşə tutulmaqda dəfələrlə bir-birini günahlandırıb. Ukrayna Birləşmiş Millətlər Təşkilatı və digər beynəlxalq təşkilatlardan Rusiyanı ukraynalı mütəxəssislər tərəfindən idarə olunmasına baxmayaraq, mart ayından işğal altında saxladığı stansiyanı tərk etməyə məcbur etməsini istəyib.

XS
SM
MD
LG