Accessibility links

Ukrayna ətrafında gərginlik davam edir


Rusiya prezidenti Vladimir Putin çərşənbə axşamı deyib ki, ABŞ və müttəfiqləri Rusiyanın Ukraynanın NATO-ya üzvlüyünün rədd edilməsi və silahlarını Rusiya yaxınlığından geri çəkilməsi ilə bağlı əsas təhlükəsizlik tələblərinə məhəl qoymayıb, ABŞ isə Ukraynaya və onun ərazi bütövlüyünə “sadiqliyini” bir daha təsdiqləyib.

Ölkələr arasında "duel" bəyanatlar Rusiyanın Ukraynaya müdaxilə etmək planı olduğunu inkar etməsinə baxmayaraq, Moskvanın Ukrayna ilə sərhəddə 100 min nəfərdən ibarət əsgəri qüvvə cəmləşdirilməsi ilə bağlı yaranmış gərginliyi azalda bilməyib.

Putin bir aydan çoxdur Qərblə Ukrayna ilə bağlı yaranmış gərginliyə dair ictimaiyyət qarşısında ilk dəfə açıqlama verərək, mətbuat konfransı zamanı bildirib ki, Kreml hələ də ABŞ və NATO-nun keçən həftə Rusiyanın təhlükəsizlik tələblərinə verdiyi cavabı təhlil edir.

Qərb Ukraynanın NATO-ya üzvlüyünü istisna etməkdən imtina edərək bildirib ki, heç bir xarici ölkə İkinci Dünya Müharibəsindən sonra ABŞ-ın rəhbərlik etdiyi hərbi alyansa kiminsə üzv olmasına veto qoymaq hüququna malik deyil.

“Artıq indi aydındır... Rusiyanın fundamental narahatlıqlarına məhəl qoyulmayıb”, Putin jurnalistlərə bildirib.

ABŞ Dövlət Departamentinin bildirdiyinə görə, Dövlət Katibi Antoni Blinken fevralın 1-də Rusiya Xarici İşlər Naziri Serqey Lavrovla keçirdiyi telefon söhbəti zamanı ABŞ-ın Ukraynanın suverenliyinə sadiqliyini vurğulayıb və Moskvanı qüvvələri geri çəkərək, Ukraynanın şərq cinahı boyunca yaranmış böhranı “dərhal azaltmağa” çağırıb.

Dövlət Departamentinin sözçüsü Ned Prays bildirib ki, Blinken ABŞ-ın müttəfiqləri ilə birlikdə “qarşılıqlı təhlükəsizlik problemləri ilə bağlı Rusiya ilə əsaslı fikir mübadiləsini davam etdirməyə” hazır olduğunu vurğulayıb.

Lakin bununla belə, Blinken ''ABŞ-ın Ukraynanın suverenliyinə və ərazi bütövlüyünə, eləcə də bütün ölkələrin öz xarici siyasətini və müttəfiqlərini müəyyən etmək hüququna sadiqliyini bir daha təkrarlalayıb'' - deyə, Ned Prays əlavə edib.

XS
SM
MD
LG