Rusiya çərşənbə günü Ukraynanın onsuz da zədələnmiş elektrik şəbəkəsinə havadan yeni zərbələr endirib. Belə görünür Moskva qüvvələri qışın başlanğıcında ukraynalıları əzab-əziyyətə salmaq niyyətindədir.
Paytaxt Kyivin rəsmiləri ikimərtəbəli binanın vurulması nəticəsində 3 nəfərin öldüyünü bildirib. Ukrayna rəsmiləri bir çox şəhərlərdə, eləcə də Kyivin bəzi bölgələrində və qonşu Moldovada elektrik enerjisinin kəsilməsi barədə məlumat verib.
Kyiv meri Vitali Kliçko Telegram kanalında "paytaxtın infrastruktur obyektlərindən birinə zərbə endirildiyini", nəticədə bir nəfərin yaralandığını yazıb.
Mer yaz;b ki, qərbdəki Lviv şəhərində, Polşa ilə sərhədə yaxınlığındakı ərazidə neçə hədəfin vurulduğu barədə məlumat olmasa da, bütün şəhərin elektrik enerjisi kəsilib.
Bu arada isə Ukrayna rəsmiləri çərşənbə günü Rusiya qüvvələrinin gecə saatlarında Ukraynanın cənubunda doğum evinə endirdiyi hava zərbələri zamanı yeni doğulmuş bir körpənin öldüyünü, anasının isə yaralandığını bildirib.
Rəsmilərin dediyinə görə, raket hücumları Zaporijye vilayətinin Vilnyansk şəhərində ikimərtəbəli binanı dağıdıb.
Dövlət fövqəladə hallar xidməti körpənin anası və həkimin dağıntılar altından xilas edildiyini deyib.
Ukrayna prezidenti Volodimir Zelenski Telegram hesabında yazıb ki, Rusiya "mülki əhaliyə və mülki obyektlərə qarşı döyüşlərini davam etdirir".
"Düşmən 9 ay ərzində ala bilmədiyi və ala bilməyəcəyini yenidən terror və qətllərlə almağa cəhd etmək qərarına gəlib. Əvəzində o, yalnız ölkəmizə gətirdiyi bütün pisliklərin hesabını verəcək" Zelenski bildirib.
Ukrayna lideri daha sonra Avropa Parlamentinin Rusiyanı "terrorun sponsoru olan dövlət" kimi tanıması ilə bağlı qərarını alqışlayıb.
Çərşənbə günü Avropa İttifaqı qanunvericiləri tərəfindən təsdiqlənən qətnamədə "Rusiya Federasiyası tərəfindən Ukraynanın mülki əhalisinə qarşı qəsdən həyata keçirdiyi hücumları və vəhşilikləiı, mülki infrastrukturun dağıdılması, insan haqları və beynəlxalq humanitar hüququn pozulması kimi ciddi pozuntuları" göstərilib.
Ukraynanın Təhlükəsizlik Xidməti çərşənbə axşamı Kyivdəki tarixi pravoslav monastırında şübhəli "Rusiya xüsusi xidmət orqanlarının təxribat fəaliyyətinə" qarşı reyd keçirdiyini bildirib.
Qeyri-adi reyd YUNESKO-nun Ümumdünya İrsi siyahısına daxil edilmiş Kyiv Peçersk Lavrasında bu yaxınlarda keçirilən ibadət zamanı keşişin Ukraynanın işğalçısı Rusiya haqqında müsbət danışmasından sonra baş verib.
Ukrayna hökuməti axtarışa Rusiyanın mümkün gizli əməliyyatlarına dair şübhələrin səbəb olduğunu bildirib.
Rusiyanın pravoslav kilsəsi Rusiya prezidenti Vladimir Putinin Ukraynaya doqquz aydır davam edən işğalını qəti şəkildə dəstəklədiyi halda, Ukraynanın yüzlərlə pravoslav kilsəsi Moskvanın idarə etdiyi şöbəsi ilə əlaqəsini kəsib.
Kremlin sözçüsü Dmitri Peskov Ukrayna hakimiyyətini "Rusiya pravoslav kilsəsinə qarşı müharibə aparmaqda" ittiham edib.
Rus pravoslav kilsəsinə rəhbərlik edən Moskva patriarxı Kiril Rusiyanın Ukraynanı işğalını Moskva ilə Qərb arasında "metafizik mübarizə" adlandırıb. O, çərşənbə axşamı kilsədə keçirilən axtarışın "hədə-qorxu aktı" olduğunu deyib.