Accessibility links

Rusiya Ukraynanın Vinnitsa şəhərinə zərbələr endirib, azı 22 nəfər ölüb


Ukrayna rəsmilərinin bildirdiyinə görə, Rusiya raketlərinin cümə axşamı Ukraynanın mərkəzi Vinnitsa şəhərinə zərbələr endirməsi nəticəsində azı 22 nəfər ölüb, 90 nəfərə yaxın insan yaralanıb.

Polis üç raketin şəhərin mərkəzindəki ofis binasını vurduğunu və ərazidəki yaşayış binalarını zədələdiyini bildirib.

Vinnitsa vilayətinin qubernatoru Serhiy Borzovun dediyinə görə, Ukrayna hava hücumundan müdafiə sistemləri bölgə üzərində Rusiyanın dörd raketini vurub.

Ukrayna prezidenti Volodimir Zelenski ölənlər arasında uşağın da olduğunu bəyan edib.

"Rusiya hər gün dinc əhalini məhv edir, ukraynalı uşaqları öldürür, hərbi [hədəf] olmayan mülki obyektlərə raketlər yönəldir. Bu, açıq terror aktı deyilsə, nədir?" - deyə, Zelenski Telegram-da yazıb.

Eyni zamanda şəhərdə hava hücumu ilə bağlı xəbərdarlıq davam edib. Yerli hökumət sakinlərdən sığınacaqlar tapmalarını xahiş edib.

Rusiya mülki obyektləri hədəf aldığını inkar edib.

Ukraynanın şərqində döyüşlər davam edir. Britaniya Müdafiə Nazirliyi cümə axşamı bildirib ki, döyüşlərin davam etməsinə baxmayaraq, Rusiya qüvvələri son günlər ərazilərlə bağlı böyük uğurlar əldə etməyib.

BMT-nin Qaçqınlar Üzrə Agentliyi çərşənbə günü bildirib ki, Rusiyanın fevralın sonunda işğala başlamasından bəri Ukraynadan qaçanların təxminən üçdə ikisi yaxın aylarda getdikləri ölkələrdə qalmağı planlaşdırır. Beləliklə, Ukraynaya qayıtmağı planlaşdıranlar 16% təşkil edir. Digər 9% onları qəbul edən ölkələrə gedəcəklərini, 10% isə qeyri-müəyyən olduqlarını bildirib.

BMT-nin Qaçqınlar Üzrə Agentliyi bu hesabatı Çexiya, Macarıstan, Moldova, Polşa, Rumıniya və Slovakiyadakı qaçqınlarla müsahibələr və fokus qrupların məlumatlarına əsasən hazırlayıb.

XS
SM
MD
LG