Accessibility links

Zelenski Rusiyanın Ukraynanın nüvə obyektinə mümkün hücumu ilə bağlı xəbərdarlıq edib


Ukrayna prezidenti Volodimir Zelenski cümə axşamı verdiyi açıqlamada deyib ki, o, Rusiyanın Avropanın ən böyük nüvə obyekti olan Ukraynanın atom elektrik stansiyasına hücuma hazırlaşdığına inanır.

"Zaporijjye AES-in tam işğaldan azad edilməsi zərurətdir", prezident gündəlik müraciətində deyib. "Rusiyanın belə bir obyekti zəbt etməsinə, AES-in ərazisini və obyektlərini Rusiyanın minalamasına göz yuman hər kəs təkcə bu rus şərinə deyil, ümumilikdə terrora da töhfə vermiş olur" – deyə, o qeyd edib.

Zelenski belə bir hücumun ağır nəticələri barədə xəbərdarlıq edib. "Aydındır ki, radiasiya heç kimdən neytral olduğunu soruşmur və dünyada istənilən insana çata bilər" – deyə, Ukrayna lideri qeyd edib.

Rusiya rəsmiləri cümə axşamı bildiriblər ki, Ukrayna qüvvələrinin gecə vaxtı hava hücumları nəticəsində Krım yarımadasını Ukraynanın cənubundakı Xerson rayonu ilə birləşdirən körpü zədələnib.

Rusiyanın dövlət xəbər agentliyi RİA-Novosti bildirib ki, müstəntiqlər körpüyə 4 raket atıldığını və onlardan birinin qalıqlarının qalıqları üzərində Fransa istehsalı olan izlərin tapıldığını bildirib. Krım parlamentinin sədri Vladimir Konstantinov bildirib ki, körpünün zədələnməsi ciddi deyil və çox güman ki, bir neçə gün ərzində təmir edilə bilər.

Ukrayna hücuma görə məsuliyyəti üzərinə götürməyib, müdafiə nazirliyinin sözçüsü yalnız bunları deyib: "Ulduzlar yanıbsa, demək bu, bir səbəbə görə edilib, elə deyilmi? Yalnız davamının olacağını deyə bilərik."

Rusiya və Ukrayna Kyivin Rusiyanın nəzarətində olan əraziləri geri qaytarmaq məqsədi daşıyan əks-hücum əməliyyatı zamanı döyüşlərin mərkəzi olan Xerson vilayətinin müxtəlif hissələrinə nəzarət edir.

Bütovlükdə, əks-hücum yavaş gedir. Ukraynanın baş naziri Denis Şmıxal bildirib ki, Ukrayna ordusu son iki həftə ərzində 7 kilometr irəliləyib və 8 kəndin daxil olduğu əraziləri geri alıb.

"Ukrayna prezidentinin dünən dediyi kimi, əks-hücum Hollivud filmi deyil. Bu, asan yürüş deyil" – deyə, Şmıxal Londonda Ukraynanın Bərpası Konfransında jurnalistlərə açıqlayıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Donald Tramp ABŞ-ın 47-ci prezidentidir
please wait

No media source currently available

0:00 0:11:09 0:00
XS
SM
MD
LG