Accessibility links

Ukrayna ordusu Rusiyanın Donetsk və Luhansk vilayətlərinin şərqindəki 16 məntəqəyə qarşı hücumlarını dəf edib


Ukrayna ordusunun Baş Qərargahı dekabrın 22-də rusların son 24 saat ərzində Zaporijye bölgəsindəki xəstəxananı artilleriya atəşi ilə hədəf aldığını, Ukrayna qüvvələrinin isə Moskva qoşunlarının ölkənin şərqindəki çoxsaylı hücumlarını dəf etdiyini bildirib.

Baş Qərargahın bildirdiyinə görə, Ukrayna hərbçiləri Donetsk və Luhansk vilayətlərinin şərqindəki 16 məntəqəyə edilən hücumları dəf edib.

Son ayların ən şiddətli döyüşlərinin getdiyi Baxmut və Avdiyivka yenidən Rusiya qüvvələrinin hədəfində olub. Hədəf alınan bölgələr arasında Donetskdə Soledar və Yakovlyivka, Luhansk vilayətində isə Novoselyivske və Stelmahıyevka yaşayış məntəqələri də olub.

Ukrayna hərbçiləri Rusiya qüvvələrinin Zaporijye vilayətində Hulyaypol xəstəxanasına zərbələr endirdiyini bildirib, lakin itkilər barədə məlumat verməyib.

Baş Qərargah bildirib ki, Ukrayna qüvvələri Rusiya mövqelərinə döyüş təyyarələri və artilleriya ilə zərbələr endirib və Rusiyanın 3 pilotsuz uçuş aparatını (PUA) vurub.

"Son 24 saat ərzində Hərbi Hava Qüvvələri Rusiyanın canlı qüvvələri, silah və hərbi texnikasının cəmləşdiyi ərazilərə 14 zərbə endirib. Müdafiəçilərimiz düşmənin "Forpost" tipli PUA-sını və 2 "Lancet-3" tipli PUA-sını vurub" - deyə, hərbçilər bildirib.

Bu iddiaları müstəqil şəkildə yoxlamaq mümkün olmayıb.

Bu arada, Ukraynanın elektrik şəbəkəsi operatoru "Ukrenerho" amansız raket və dron hücumları səbəbindən "əhəmiyyətli enerji çatışmazlığı" və məhdudiyyətlər yaşandığını bildirib.

Rusiya ukraynalıları dondurmaq və əhalini ruhdan salmaq üçün strategiyanın bir hissəsi olaraq, kamikadze pilotsuz təyyarələri ilə Kyiv və ölkənin digər bölgələrində elektrik infrastrukturunu və digər mülki obyektləri hədəf alır.

Dekabrın 21-də Ukrayna prezidenti Volodimir Zelenskinin Vaşinqtona səfəri zamanı ABŞ prezidenti Co Bayden Ukrayna üçün ən qabaqcıl sistemlərdən biri olan "Patriot" hava hücumundan müdafiə batareyası da daxil olmaqla, 1,85 milyard dollar dəyərində yeni təhlükəsizlik yardım paketini elan edib.

ABŞ dövlət katibi Antoni Blinken "Patriot"un "qanadlı raketləri, yaxın mənzilli ballistik raketləri və əvvəllər təqdim edilən hava hücumundan müdafiə sistemləri ilə müqayisədə daha yüksəklikdə uçan təyyarələri vurmağa qadir olduğunu" bildirib.

XS
SM
MD
LG