Ukrayna prezidenti Volodimir Zelenski Rusiya qoşunlarının Ukraynanın şərqində “daha genişmiqyaslı əməliyyatlara başlayacağı” ilə bağlı xəbərdarlıq edərək, öz qüvvələrinin də hazır olduğunu və “cavab verəcəyini” bildirib.
Bazar günü gecə saatlarında video müraciəti zamanı Zelenski qarşıdakı günlərin də altı həftəlik müharibəki kimi həlledici olacağını deyib.
Zelenski həmçinin CBS telekanalının bazar günü axşam nümayiş etdirdiyi “60 dəqiqə” verilişinə müsahibəsi zamanı deyib ki, Ukraynanın ayaqda qalması ABŞ-ın silah tədarükünü artırmasından asılıdır və o, Ukraynaya lazım olanların siyahısını ABŞ Prezidenti Co Baydenə təqdim edib.
“Onda siyahı var. Prezident Bayden tarixə qalib gələn və öz ölkəsinə sahib çıxmaq haqqını seçən Ukrayna xalqı ilə çiyin-çiyinə duran şəxs kimi düşə bilər. (Bu) da ondan asılıdır” - deyə, Zelenski bildirib.
Avropa İttifaqının xarici işlər nazirləri Rusiyaya qarşı sanksiyaların növbəti mərhələsini müzakirə etmək üçün bazar ertəsi bir araya gəlir.
Avstriya kansleri Karl Nehammer Rusiya lideri Vladimir Putinlə görüşmək üçün Moskvaya səfər edib. Bu, Putinin fevralın sonunda Ukraynaya müdaxiləsindən bəri Avropa liderinin bu ölkəyə ilk səfəridir.
Bayden bazar ertəsi Hindistanın baş naziri Narendra Modi ilə virtual danışıqlar aparacaq. ABŞ-ın Rusiyanın əsas enerji sənayesi də daxil olmaqla, müxtəlif sanksiyalarla Rusiyaya təzyiq göstərməyə çalışmasına baxmayaraq, Hindistan neytral mövqe nümayiş etdirir və Rusiyadan neft və qaz almağı davam edir. Hindistan eyni zamanda Rusiyanın BMT-nin İnsan Hüquqları Şurası üzvlüyündən çıxarılması üçün keçirilən səsvermədə də bitərəf qalıb.
Ağ Evin mətbuat katibi Cen Psaki bazar günü verdiyi açıqlamada Baydenin bu görüş zamanı Rusiyanın Ukraynaya qarşı amansız müharibəsinin “nəticələrini və onun qlobal ərzaq təchizatı və əmtəə bazarlarına təsirini” müzakirə edəcəyini deyib.
Britaniyanın Nüdafiə Nazirliyinin bazar ertəsi bildirdiyinə görə, Rusiya qüvvələri Ukraynanın şərqindəki Donetsk və Luqansk vilayətlərini atəşə tutmaqda davam edir və Ukrayna qüvvələri “Rusiya tankları, zirehli maşınları və artilleriya texnikasını məhv etməklə, bir neçə hücumu dəf edib”.
Bazar ertəsi Yeni Zelandiya Ukraynanın döyüş səylərinə daha çox yardım, o cümlədən hərbi nəqliyyat təyyarəsi və Avropada paylama mərkəzlərinə daşınmaya kömək etmək, oradan isə qurudan Ukraynaya nəql etmək üçün 50 nəfərdən ibarət dəstək personalı göndərdiyini açıqlayıb.