Çərşənbə axşamı qlobal iqlim sammitində dünya liderlərinə müraciətindən əvvəl Ukrayna Prezidenti Volodimir Zelenski ölkəsinin Rusiya ilə "əsl" danışıqları nəzərdən keçirməyə hazır olduğunu bildirib.
Zelenski Ukrayna sərhədlərinin bərpa olunacağı, Rusiyanın işğalı və hücumları qurbanlarına təzminat ödəniləcəyi və günahkarların məsuliyyətə cəlb olunması üçün səylər göstəriləcəyi təqdirdə ölkəsinin Moskva ilə danışıqlara açıq olacağını bildirib.
Prezidentin şərhləri Washinqton Post qəzetinin ABŞ-ın Ukraynanın sülh danışıqlarına hazır olduğunu nümayiş etdirməsini istədiyi barədə xəbərindən sonra verib. Verilən məlumata görə, bu, Kyivə beynəlxalq dəstəyi gücləndirəcək.
Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının rəhbəri Oleksiy Danilov belə bir məsələyə baxılmasının "əsas şərtinin Ukraynanın ərazi bütövlüyünün bərpası" olacağını deyib.
Danilov əlavə edib ki, müasir hava hücumundan müdafiə vasitələri, təyyarələr, tanklar və uzaqmənzilli raketlərə müəyyən mənada "qarantiya" olmalıdır. O, beynəlxalq yardımın davam etdirilməsinə çağırıb.
Şimali Koreya çərşənbə axşamı ABŞ-ın ölkənin Ukraynaya qarşı müharibənin davam etdirilməsində Rusiyaya artilleriya mərmiləri və döyüş sursatları ilə yardım etdiyinə dair iddialarını təkzib edib.
Bazar ertəsi Ukrayna Rusiya qüvvələrinə qarşı mübarizədə qabaqcıl yer-hava raket kompleksləri və hava hücumundan müdafiə Aspide sistemlərinin ilk partiyasını alıb.
"Bizə hücum edən düşmənin hədəflərini vurmağa davam edəcəyik. Tərəfdaşlarımız Norveç, İspaniya və ABŞ-a təşəkkür edirik," Ukraynanın müdafiə naziri Oleksi Reznikov tvitter səhifəsində yazıb.
Bu arada, Britaniyanın Müdafiə Nazirliyi çərşənbə axşamı bildirib ki, Rusiya Ukraynanın cənubunda işğal altında olan Mariupol şəhəri ətrafında müdafiə strukturlarının tikintisinə başlayıb.
"İki zavod bu məqsədlə 'əjdaha dişləri' kimi tanınan tank əleyhinə beton piramidal konstruksiyalar istehsal edir," Twitterdə bildirilib.
Bəyanatda deyilir: "Rusiya işğal olunan bütün ərazilərdə öz mövqelərini möhkəmləndirir. 2022-ci il 19 oktyabrda "Vaqner Qrupu"nun sahibi Yevgeni Priqojin Rusiyanın işğalı altında olan Luhansk vilayətində möhkəmləndirilmiş "Vaqner Xətti"nin inşa edildiyini iddia edib. Bu, Rusiyanın hazırkı cəbhə xəttində müdafiə mövqeyini möhkəmlətmək və çox ehtimal ki, irəliləyişlər olarsa, Ukraynanın istənilən hücumunun qarşısını almaq üçün əhəmiyyətli səylər göstərdiyinə işarə edir."