Ukrayna prezidentinin saytında dərc edilmiş sənəddə bildirilib ki, Volodimir Zelenski Putinin Ukraynanın işğal olunmuş ərazilərinin Rusiya Federasiyasına daxil olmasına dair fərmanlarını dəyərsiz adlandırıb.
Zelenskinin fərmanında qeyd edildiyi kimi, bu qərarlar “Ukraynanın suverenliyini və ərazi bütövlüyünə qarşıdır”.
“Ukraynanın ərazisi onun beynəlxalq səviyyədə tanınmış dövlət sərhədi daxilində ayrılmaz və toxunulmazdır. Ukraynanın suverenliyi onun bütün ərazisini əhatə edir,” fərmanda vurğulanıb.
Bundan əvvəl Volodimir Zelenski Milli Təhlükəsizlik və Müdafiə Şurasının sentyabrın 30-u tarixli qərarının qüvvəyə minməsi barədə fərmanı imzalayıb. Burada Rusiya prezidenti Vladimir Putinlə danışıqların mümkün olmadığını qeyd edilir. Milli Təhlükəsizlik və Müdafiə Şurasının qərarı Rusiyanın Ukrayna ərazilərini ilhaq etməsinə cavab olaraq qəbul edilib.
Rusiyanın Ukrayna ərazilərini ilhaq etmək cəhdinə cavab tədbirləri haqqında fərman beş bənddən ibarətdir. Bunların arasında Ukraynaya təşkilata üzvlük prosedurunun sürətləndirilməsi ilə bağlı NATO-ya müraciətin təsdiqi də var.
Oktyabrın 4-də Rusiya Federasiya Şurası Ukrayna ərazilərinin ilhaqına dair müqavilələri ratifikasiya edib. Bu qərarı iclasda iştirak edən bütün senatorlar dəstəkləyib. Bundan əvvəl ilhaq müqavilələri Rusiya Konstitusiya Məhkəməsi tərəfindən qanuni sayılıb, Ukrayna ərazilərinin işğalı ilə bağlı qanunlar Rusiya Federasiyasının Dövlət Duması tərəfindən təsdiq edilib. İndi sənədləri Rusiya prezidenti Vladimir Putin imzalamalıdır.
Zelenski BMT Təhlükəsizlik Şurasının iclasında demişdi ki, əgər Rusiya qondarma Donetsk Xalq Respublikası və Luhansk Xalq Respublikası, eləcə də Xerson və Zaporijye vilayətlərinin işğal olunmuş bəzi hissələrinin Rusiya Federasiyasına birləşməsi ilə bağlı referendumun nəticələrini tanıyarsa, o zaman Vladimir Putinlə qondarma "danışacaq heç nə qalmayacaq".
Daha sonra o deyib ki, Ukrayna Rusiya ilə dialoqa hazırdır, lakin Rusiya Federasiyasının başqa prezidenti ilə.