Accessibility links

Zelenski Rusiyanın raket hücumlarından sonra G7 liderlərinə müraciət edib


Ukrayna prezidenti Volodimir Zelenski Böyük Yeddilər (G7) liderlərinə müraciət edərək deyib ki, Rusiyanın neft və qazdan əldə etdiyi gəlirlərini dayandırmaq üçün enerji sektoru sanksiyalarla bloklanmalıdır.

"Rusiyadan neft və qaz ixracına sərt qiymət həddi qoyulmalı, terrorçu ölkə üçün mənfəət sıfır olmalıdır," Zelenski oktyabrın 11-də ABŞ, Kanada, Almaniya, Britaniya, Yaponiya, Fransa və İtaliya liderlərinə deyib.

O, Rusiyanın oktyabrın 10-da Ukrayna şəhərlərinə və elektrik stansiyalarına hücumları ilə eskalasiyanın yeni mərhələsinə başladığını və buna görə də yeni sanksiyalara ehtiyac olduğunu bildirib.

Virtual olaraq sənayesi ən inkişaf etmiş ölkələrə müraciət edən Zelenski deyib ki, G7 və "bütün demokratik dünyamız" Rusiyanın enerji sektoruna və enerji sabitliyinə hücumlarına "simmetrik" cavab verməlidir.

Ukrayna prezidenti həmçinin G7 ölkələrinə Ukraynanı hava hücumundan müdafiə vasitələri ilə təchiz etməyə çağırıb və bildirib ki, Ukrayna özünü hava hücumlarından müdafiə etmək imkanına malik olsa, Rusiyanın əsas təhlükəsinin qarşısı alınacaq.

İclasdan bir neçə saat əvvəl Ukrayna Dövlət Fövqəladə Hallar Xidməti Zaporijyeyə çoxsaylı yeni raket zərbələri və azı bir nəfərin öldüyü barədə məlumat verib.

Kyiv və digər bölgələrdə hava hücumu sirenləri səslənib. Lviv merinin dediyinə görə, raket zərbəsi elektrik və su təchizatının zədələnməsinə səbəb olub.

Zelenski bazar ertəsi deyib ki, Ukraynanı "qorxutmaq olmaz" və Rusiyanın hücumları qorxu yaratmaq əvəzinə "bütün dünyanın diqqətini çəkib".

"Silahlı qüvvələrimizi gücləndirmək üçün əlimizdən gələni edəcəyik. Düşmən üçün döyüş meydanını daha ağrılı edəcəyik" - deyə, Zelenski bildirib.

Ukrayna lideri ABŞ Prezidenti Co Baydenlə telefon danışığından sonra tvitter səhifəsində "Biz hava hücumundan müdafiə sistemimizin gücləndirilməsi, Avropa və beynəlxalq ictimayyətin sərt reaksiyasına ehtiyacı, habelə Rusiya Federasiyasına təzyiqin artırılması məsələlərini müzakirə etdik" yazıb.

Bayden və Qərb müttəfiqləri hücumları pisləməyə tələsib və Moskvanınartıq səkkizinci aydır davam edən işğalının qarşısını almaq üçün Ukrayna qüvvələrinə hərbi yardımı davam edəcəklərini vəd edib.

Ağ Evin bəyanatında deyilib ki, Bayden Zelenskiyə ABŞ-ın Ukraynanı ən qabaqcıl hava hücumundan müdafiə sistemləri ilə təmin edəcəyini deyib.

Bayden bazar ertəsi verdiyi açıqlamasında "Rusiyanın son raket hücumları Rusiya Prezidenti Vladimir Putinin Ukrayna xalqına qarşı qanunsuz müharibəsinin amansız qəddarlığını bir daha nümayiş etdirir" deyib.

Putin bazar ertəsi həyata keçirilən raket hücumlarının Krımı Rusiya ilə birləşdirən körpüyə edilən son dağıdıcı hücuma cavab olaraq həyata keçirildiyini deyib və Ukraynaya qarşı "kütləvi zərbə" adlandırıb.

Ukrayna ordusunun bildirdiyinə görə, Rusiya 84 qanadlı raket atıb və 24 pilotsuz uçuş aparatından istifadə edib, ölkənin azı 14 bölgəsini vurub və azı 19 nəfər ölüb. Kyivə hücumların əksəriyyəti zamanı şəhərin mərkəzində parklar və turizm obyektləri hədəf alınıb.

Avropa Komissiyasının prezidenti Ursula Von Der Leyen Ukrayna şəhərlərinə edilən "vəhşi hücumlardan sarsıldığını və dəhşətə gəldiyini" bildirib, "Putin Rusiyası dünyaya bir daha qəddarlıq və terroru nümayış etdirdi" deyib.

XS
SM
MD
LG