Accessibility links

Ukrayna dronlarının Rusiya təyyarələrini məhv etdiyini iddia edir


Ukraynanın cümə günü bildirdiyinə görə, keçən gecə pilotsuz təyyarələrinin hücumu nəticəsində Rostov vilayətinin cənubundakı aviabazada Rusiyanın azı altı hərbi təyyarəsini məhv edib.

Rusiya Müdafiə Nazirliyi Kyivin Rusiya ərazisinə 50-dən çox dronla son həftələrin ən böyük gecə hücumlarından birini həyata keçirdiyini bildirib.

Kyivdə təhlükəsizlik mənbəsinin France Press xəbər agentliyinə verdiyi məlumata görə, Rusiyanın cənubundakı Rostov vilayətindəki Morozovsk aviabazasına edilən hücum nəticəsində azı 6 Rusiya təyyarəsi məhv edilib, "digər səkkizinə isə ciddi zərər dəyib".

"Bu, rusların döyüş potensialını əhəmiyyətli dərəcədə azaldacaq xüsusi əməliyyatdır" - deyən mənbə, hücumun Ukrayna Təhlükəsizlik Xidməti və ordu tərəfindən həyata keçirildiyini bildirib.

Rusiya bununla dərhal bağlı şərh verməyib. France Press xəbər agentliyi iddiaları təsdiqləyə bilməyib.

Rusiya bildirib ki, Kyivin gecə ərzində atdığı 53 dron 44-ü Ukrayna ilə sərhəddə yerləşən və hücum komandanlığı qərargahı da daxil olmaqla, bir sıra böyük hərbi obyektlərin yerləşdiyi cənubdakı Rostov vilayətini hədəf alıb.

"Aprelin 5-i gecə və səhər Kyiv rejimi pilotsuz uçuş aparatları ilə bir neçə terror aktı törətməyə cəhd edib. Onların qarşısı alınıb" - deyə, müdafiə nazirliyi bildirib.

Rostov qubernatoru Vasili Qolubevin dediyinə görə, aviabazanın yerləşdiyi Morozovsk rayonuna dron hücumu nəticəsində ərazidəki elektrik stansiyasına "cüzi ziyan" dəyib və 600-ə yaxın sakin elektriksiz qalıb.

O, həmçinin bir yaşayış binasında pəncərələrin sındığını bildirsə də, aviabaza haqqında heç bir açıqlama verməyib.

Rusiya Ukraynanın uğurlu hücumları barədə iddialarını nadir hallarda şərh edir.

Kiyev son aylar Rusiya ərazisinə hava hücumlarını gücləndirərək, həm hərbi obyektləri, həm də enerji obyektlərini hədəfə alır. Bununla o, Rusiyanın işğalı üçün yanacaq və avadanlıq tədarükünü dayandırmaq istəyir.

Forum

XS
SM
MD
LG