Ukrayna qüvvələri iki regionun işğal olunmuş hissəsində aerodromlara raket zərbələri ilə Rusiya hərbi texnikasını məhv etdiklərini və Krıma yeni pilotsuz təyyarə hücumu həyata keçirdiklərini bildirib. Bu, Rusiyanın Ukraynaya yenidən ölümcül raket və dron zərbələri endirdiyi bir vaxta təsadüf edir.
Ukraynanın Baş Qərargahı oktyabrın 17-də səhər saatlarında Ukrayna qüvvələrinin zərbələrin harada baş verdiyi barədə ətraflı məlumat vermədən iki Rusiya vertolyotunu, bir sursat anbarını və bir artilleriyanı vurduğunu bildirib.
Ukrayna Silahlı Qüvvələrinin Strateji Rabitə Mərkəzi Telegram kanalında ayrıca bir mesajda bildirib ki, Ukrayna qüvvələri şərqdə Donetsk vilayətində Luhansk və cənubda Zaporijjya vilayətində Berdyansk şəhərləri yaxınlığında Rusiya helikopterlərinə və digər aerodrom texnikasına uğurlu zərbələr endirib.
Ukraynanın iddiasını müstəqil şəkildə yoxlamaq mümkün olmayıb.
Zaporijjyanın işğal olunmuş hissəsində Rusiya tərəfindən təyin olunmuş rəsmi Vladimir Roqov Telegram kanalında atılan raketlərin vurulduğunu bildirərək, Ukraynanın zərbəsinin uğurlu olduğunu təkzib edib.
İşğal altındakı Krımın Moskva tərəfindn təyin olunmuş qubernatoru Sergey Aksyonov bildirib ki, Rusiya hava hücumundan müdafiə qüvvələri gecə ərzində Ukraynanın yarımadaya hücum edən 8 pilotsuz təyyarəsini vurub.
Ukrayna Aksyonovun bəyanatı ilə bağlı şərh verməyib və onu dərhal təsdiqləmək mümkün olmayıb.
Oktyabrın 17-də bölgənin qubernatoru İhor Moroz bildirib ki, Donetskdə Rusiyanın Pervomayskda atəş açması nəticəsində son gün ərzində azı iki dinc sakin həlak olub, daha bir nəfər isə yaralanıb.
Baş Qərargahdan bildiriblər ki, Rusiya qüvvələri həmçinin gecə ərzində Ukraynaya bir neçə pilotsuz təyyarə və raket zərbəsi endirib.
"Bir Kh-59 idarəolunan hava raketi və altı Şahed-136/131 pilotsuz təyyarəsi hava hücumundan müdafiə qüvvələri tərəfindən məhv edilib", hərbi qüvvələrin bəyanatında bildirilib və Rusiyanın hücumunun nəticələrinin hələ də qiymətləndirildiyi qeyd edilib.
Döyüş meydanında Rusiya qüvvələrinin son bir neçə gündür irəliləməyə cəhd etdiyi Donetskin şimalında yerləşən Avdiyivka şəhərinin şərqində şiddətli döyüşlər davam edir.
Hərbi qüvvələrin bildirdiyinə görə, Ukrayna qüvvələri Avdiyivkada şəhəri mühasirəyə almağa çalışan Rusiya qoşunlarının 10-dan çox hücumunu dəf edib.
Ukrayna qüvvələri Rusiyanın Baxmut, Kupyansk, Maryinka və Şaxtyor istiqamətlərində də hücumlarını dəf etdiyini bildirərək, Kyivin Zaporijjyadakı əks-hücumlarının Melitopol istiqamətində “qismən müvəffəqiyyətlə” davam etdiyini əlavə edib. İddianı müstəqil şəkildə yoxlamaq mümkün olmayıb.
Baş Qərargah bildirib ki, Ukrayna qoşunları tərəfindən ümumilikdə 72 yaxın döyüş aparılıb ki, bu da bütün cəbhə xəttində döyüşlərin yüksəlişinin göstəricisidir. Ötən sutka ərzində cəbhədə hərbi toqquşmalar baş verib.
Oktyabrın 16-da Rusiyanın genişmiqyaslı müdaxiləsinin 600-cü günündə Ukrayna qüvvələri ümumilikdə 53 döyüş keçirib.
Forum