Accessibility links

Ukrayna Təhlükəsizlik Xidməti Kyiv monastırında axtarış keçirib


Ukraynanın Təhlükəsizlik Xidməti noyabrın 22-də Kyivdəki tarixi pravoslav monastırında şübhəli “Rusiya xüsusi xidmət orqanlarının təxribat fəaliyyətinə” qarşı reyd keçirdiyini bildirib.

Reyd Kyiv Peçersk Lavrasında baş verib.

Ukrayna Təhlükəsizlik Xidmətinin bəyanatında deyilir ki, axtarış monastırdan təxribat və kəşfiyyat qrupları, xarici vətəndaşlar və ya silah anbarlarına sığınacaq verilməsinin qarşısını almaq məqsədi daşıyır.

Rus Pravoslav Kilsəsi və Kreml reydi pisləyib.

Noyabrın 21-də Ukrayna paytaxtda və ölkənin digər bölgələrində yaşayan sakinlərini Rusiyanın zərbələri nəticəsində elektrik şəbəkəsinə dəyən ziyanı aradan qaldırmaq üçün elektrik enerjisi istehlakını məhdudlaşdırmağa çağırıb. Ümumdünya Səhiyyə Təşkilatı isə Ukraynada milyonlarla insanın "həyat üçün təhlükəli" qışla üzləşdiyi barədə xəbərdarlıq edib.

“Bu qış sağ qalmaq uğrunda mübarizə demək olacaq,” ÜST-nin Avropa üzrə regional direktoru Hans Kluge deyib.

Kluge bazar ertəsi jurnalistlərə deyib ki, “səhiyyə və enerji infrastrukturuna hücumlar yüzlərlə xəstəxana və səhiyyə müəssisəsinin artıq tam gücü ilə işləməməsi, yanacaq, su və elektrik enerjisi çatışmazlığı deməkdir”.

O həmçinin ölkə üçün unikal səhiyyə problemləri, o cümlədən “COVID-19, pnevmoniya, qrip kimi yoluxucu tənəffüs yolları infeksiyaları və peyvənd olunmamış əhalidə ciddi difteriya və qızılca riski” barədə xəbərdarlıq edib.

Bazar ertəsi gecə çıxışında Ukrayna prezidenti Volodimir Zelenski Kyiv sakinlərini enerjiyə qənaət etməyə çağırıb və ölkənin digər ağır zərər çəkmiş bölgələrində, o cümlədən Vinnitsa, Sumi və Odessada da eyni şeyi etməyə çağırıb.

“Rusiya terrorçularının zərbələri nəticəsində enerji sistemimizə sistematik ziyan o qədər böyükdür ki, bütün insanlarımız və bizneslərimiz diqqətli olmalı və gün ərzində istehlaklarını yenidən bölüşdürməlidirlər” – deyə, ölkə prezidenti qeyd edib.

XS
SM
MD
LG