Rusiya, Ukrayna, Fransa və Almaniyadan siyasi müşavirlər 25 yanvarda Parisdə Ukraynanın şərqindəki vəziyyətlə bağlı “Normandiya Formatı” çərçivəsində danışıqlar aparacaqlar. Bu barədə şənbə günü Rusiya Prezidenti Vladimir Putinin administrasiyasından bir mənbə xəbər verib.
Ulraynanın baş vasitəçisi Andrey Yermakın müşaviri Mixail Podolyak Parisdə görüşün planlaşdırıldığını təsdiqləyib, lakin Reuters xəbər agentliyinə bildirib ki, ilkin danışıqlar yanvarın 25-nə təyin olunub.
Müzakirələr Rusiya ilə Qərb arasında Ukrayna səbəbilə gərginliyin artdığı bir vaxta təsadüf edir.
Qərb dövlətləri Rusiyanın Ukrayna sərhədində hərbi qüvvələr cəmləşdirməsindan narahatdırlar və Moskva qonşu ölkəyə hərbi müxadilə etdiyi təqdirdə bunun ciddi iqtisadi nəticələri olacağı barədə xəbərdarlıq edirlər. Rusiya Ukraynaya müdaxilə etməyi planlaşdırdığını inkar edir, amma ABŞ və NATO-dan təhlükəsizliklə bağlı zəmanətlər tələb edir.
Normandiya Formatında dördtərəfli dinc danışıqların məqsədi Ukraynanın şərqində Ukrayna qüvvələri ilə Rusiya tərəfdarı separatçılar arasında münaqişəyə son qoymaqdır.
Rusiya ilə Ukrayna arasında münasibətlər 2014-cü ildə Rusiyanın Krım yarımadasını ilhaq etməsi və Moskvanın dəstəklədiyi separatçıların Donbası ələ keçirməsindən sonra pisləşib. Kyiev bu ərazilərin Ukraynaya qaytarılmasını istəyir.
Mənbə əlavə edib ki, danışıqlarda Rusiyanı baş vasitəçi Dmitri Kozak təmsil edəcək.
Kozak yanvarın əvvəlində görüşün bu ayın sonunda baş tutacağını demişdi.