Accessibility links

Ukrayna BMT və BQXK-nı Kursk bölgəsindəki humanitar səylərdə iştirak etməyə dəvət edib


Rəsmi Kyivin bazar ertəsi bildirdiyinə görə, Ukrayna BMT və Beynəlxalq Qırmızı Xaç Komitəsini (BQXK) Kursk bölgəsində humanitar səylərə qoşulmağa dəvət edib.

Xatırladaq ki, Ukrayna ordusu bir aydan çoxdur Kursk vilayətindədir. Bundan əvvəlki hücum zamanı Ukrayna prezidenti Volodimir Zelenskinin dediyi kimi Ukrayna 100-ə yaxın yaşayış məntəqəsini nəzarətinə götürüb.

Bazar günü Ukraynanın xarici işlər naziri Andriy Sibiqa bildirib ki, o, rəhbərlik etdiyi nazirliyə BMT və Beynəlxalq Qırmızı Xaç Komitəsinin nümayəndələrini Kursk vilayətində işləməyə dəvət etməyi tapşırıb. Nazirlik müvafiq sorğular göndərdiyini təsdiqləyib.

"Ukrayna onların işini asanlaşdırmağa və beynəlxalq humanitar hüquqa sadiqliyini sübut etməyə hazırdır" - deyə, Sibiqa Ukrayna qoşunlarının hücuma başladığı Sumı bölgəsinə səfərindən sonra bildirib.

Onun sözlərinə görə, Ukrayna ordusu bu gün Kursk vilayətində humanitar yardım və dinc əhalinin təhlükəsiz keçidini təmin edir.

Ukrayna Xarici İşlər Nazirliyi bildirib ki, Beynəlxalq Qırmızı Xaç Komitəsinə və BMT-yə dəvətlər "Kursk vilayətində humanitar vəziyyət və fundamental insan hüquqlarının lazımi şəkildə təmin edilməsi zərurəti nəzərə alınmaqla" göndərilib.

Hesabatda qeyd olunub ki, Beynəlxalq Qırmızı Xaç Komitəsi BMT-dən Ukraynanın beynəlxalq humanitar hüquq prinsiplərinə əməl etməsinə nəzarət etməyi xahiş edib.

Rusiyanın dövlət TASS xəbər agentliyi Kremlin sözçüsü Dmitri Peskova istinadən Kyivin bəyanatını "təxribat" adlandırıb. Peskov açıq şəkildə bildirib ki, 2022-ci ildə Ukraynaya qarşı genişmiqyaslı müharibəyə başlayan Moskva BMT və Beynəlxalq Qırmızı Xaç Komitəsinin dəvəti qəbul etməyəcəyini gözləyir.

Ukrayna Xarici İşlər Nazirliyinin nümayəndəsi deyib ki, Kremlin bu reaksiyası onun öz xalqının humanitar ehtiyaclarına məhəl qoymadığını və beynəlxalq müşahidəçilərin Kursk bölgəsinə buraxılmasından qorxduğunu göstərir.

Forum

XS
SM
MD
LG