Accessibility links

BMT baş katibi beynəlxalq müfəttişlərin Ukrayna Atom Elektrik Stansiyasına daxil olmalı olduqlarını deyib


BMT Baş Katibi Antonio Quterreş bu yaxınlarda Ukrayna və Rusiyanın stansiyanın atəşə tutulması ilə bağlı bir-birini ittiham etməsindən sonra beynəlxalq müfəttişlərə Zaporojye Atom Elektrik Stansiyasına girişə icazəsi verilməsinə çağırıb.

Quterreş Yaponiyada mətbuat konfransında deyib ki, nüvə stansiyasına istənilən hücum “intihardır”.

Ukrayna bazar günü yenidən Rusiyanı Avropanın ən böyük Zaporojye Atom Elektrik Stansiyasını bombalamaqda ittiham edib və Moskvanın “nüvə terroru” ilə məşğul olduğunu deyib.

Ukraynanın dövlət nüvə enerji şirkəti bildirib ki, Rusiya qüvvələri şənbə gecəsi hücum zamanı obyektdəki üç radiasiya sensorunu zədələyib və bir işçini qəlpələrlə yaralayıb.

“Rusiyanın nüvə terroru beynəlxalq ictimaiyyətdən daha sərt reaksiya tələb edir - Rusiyanın nüvə sənayesi və nüvə yanacağına qarşı sanksiyalar,” Ukrayna prezidenti Volodimir Zelenski tvitter səhifəsində yazıb.

Rusiyanın nəzarətində olan ərazidə yerləşən zavoda da cümə günü hücuma məruz qalıb. Moskva hücuma görə Ukrayna qüvvələrini ittiham edib.

Rusiya Zaporojye zavodunu martın əvvəlində, Ukraynaya hücumunun ilk mərhələsində ələ keçirsə də, bu obyekt hələ də ukraynalı texniki işçilər tərəfindən idarə olunur.

Ukraynanın “Enerqoatom” nüvə şirkətinin bildirdiyinə görə, şənbə günü Rusiyanın raket hücumları işlənmiş nüvə yanacağı olan 174 konteynerin saxlandığı anbara dəyib.

“Buna görə də radiasiya vəziyyətinin pisləşməsi və ya işlənmiş nüvə yanacağı konteynerlərindən radiasiyanın sızması halının vaxtında aşkar edilməsi və cavab tədbirləri hələlik mümkün deyil” - məlumatda bildirilib.

Zavod işçilərinin yaşadığı Rusiya tərəfindən işğal olunmuş Enerhodar administrasiyası Ukraynanın zərbəni 220 mm-lik reaktiv “Uraqan” sistemdən istifadə edərək endirdiyini bildirib.

Beynəlxalq Atom Enerjisi Agentliyinin rəhbəri şənbə günü verdiyi açıqlamada atom elektrik stansiyasında vəziyyətə toxunaraq bildirib ki, “Zaporijya atom elektrik stansiyasının təhlükəsizliyini təhlükə altına qoyan hərbi əməliyyatlar tamamilə qəbuledilməzdir və nəyin bahasına olursa olsun qarşısı alınmalıdır.”

XS
SM
MD
LG