Amerikanın "Abrams" tanklarının ilk partiyası Ukraynaya gəlib. Bu barədə ilk olaraq The New York Times qəzeti Pentaqondakı mənbələrə istinadən məlumat yayıb. Bu məlumatı daha sonra Ukrayna prezidenti Volodimir Zelenski də təsdiqləyib.
Qəzetə məlumat verən mənbələr Ukraynaya nə qədər "Abrams" tankının çatdırıldığını qeyd etməyib.
"Abrams" artıq Ukraynadadır və briqadalarımızı gücləndirməyə hazırlaşır. Müqavilələri yerinə yetirdiklərinə görə müttəfiqlərə minnətdaram! Biz yeni müqavilələr axtarır, tədarük coğrafiyasını genişləndiririk" - deyə, Zelenski Telegram kanalında yazıb.
Pentaqonun "Abrams" tanklarının ilk partiyasının Kyivə çatdırılması ilə bağlı rəsmi razılıq verməsi avqustun əvvəlində məlum olub. ABŞ ordusunun təchizat və alış-veriş xidmətinin rəhbəri Daq Buş o zaman tankların ilk partiyasının Ukraynaya payızın əvvəlində çatacağını demişdi.
Ümumilikdə ABŞ Ukraynaya 31 "Abrams" tankı vermək niyyətindədir. Politico saytının mənbələri daha əvvəl Ukraynanın sentyabr ayında ilk 10 "Abrams" alacağını bildirmişdi.
May ayında 200-ə yaxın ukraynalı əsgər belə tankları idarə etmək üçün Almaniyadakı Grafenwoehr hərbi bazasında təlimlərə başlayıb. Xəbər verildiyi kimi, hərbi təlimlər "Abrams" tankları Ukraynaya çatana qədər başa çatdırılmalıdır ki, hərbçilər döyüş meydanında istifadəyə dərhal hazır olsunlar.
"M1A1 Abrams" 1980-ci ildən bəri kütləvi istehsal edilən ABŞ-ın əsas döyüş tankıdır. Tank 120 mm-lik tank silahı ilə təchiz olunub. Effektiv atəş məsafəsi təxminən 2500-3000 metrdir. Tank lazer məsafə ölçənləri, gecəgörmə cihazları və hədəflərin seçilməsi və onların nişan alınmasına yardım edən, yanğına nəzarət edən ən qabaqcıl və mürəkkəb kompüter sistemləri ilə təchiz edilib.
ABŞ-ın Ukraynaya göndərdiyi ən son hərbi yardım paketlərindən biri Abrams tankları üçün tükədilmiş uran mərmilərindən ibarət idi.
Forum