Accessibility links

Rusiya Zelenskinin ABŞ-a səfərini tənqid edir


Rusiya cümə axşamı bildirib ki, Ukrayna prezidenti Volodimir Zelenskinin Vaşinqtona səfərindən sonra sülhə hazır olduğuna dair heç bir əlamət yoxdur.

ABŞ prezidenti Co Bayden Zelenskini Ağ Evdə danışıqlar üçün qəbul edib. Daha sonra Ukrayna lideri ABŞ Konqresinin birgə iclasında çıxış edərək, Rusiyanın 10 ay əvvəl başladığı işğala qarşı mübarizədə Ukraynanın "heç vaxt təslim olmayacağını" deyib.

Kremlin sözçüsü Dmitri Peskov jurnalistlərə Zelenskinin səfərinin ABŞ-ın Rusiyaya qarşı dolayısı ilə müharibə apardığına işarə olduğunu deyib.

Birləşmiş Ştatlar Ukraynaya geniş hərbi və humanitar yardım edib və çərşənbə günü hava hücumundan müdafiə raketləri "Patriot"ların da daxil olduğu yeni yardım paketini açıqlayıb. Zelenski bildirib ki, daha təkmilləşmiş sistem ölkəsinin şəhərlərini və kritik infrastrukturunu vuran Rusiyanın raket hücumları ilə mübarizərə Ukraynaya yardım edəcək.

Peskov bildirib ki, "Patriot" raketləri münaqişənin həllinə yardım etməyəcək və Rusiyanı öz məqsədlərindən çəkindirməyəcək.

Çərşənbə günü səhər ABŞ prezidenti Co Bayden Zelenskini Ağ Evdə qarşılayıb. Bayden deyib ki, Amerika xalqı ukraynalıların yanında "qürurla dayanıb".

Görüşdən sonra liderlər Ağ Evdə birgə mətbuat konfransı keçirib.
Mətbuat konfransının başlamasından əvvəl ABŞ prezidenti Ukrayna xalqının 300 gündür Rusiyanın təcavüzünə qarşı qəhrəmancasına müharibə apardığını qeyd edib. Bayden ABŞ, müttəfiqləri və dünya üzrə tərəfdaşlarının Ukrayna xalqına və Ukrayna silahlı qüvvələrinə göstərdiyi yardımı vurğulayıb.

"Rusiyaya qarşı presedenti olmayan sanksiyalar və ixraca nəzarət Kremlin amansız müharibəni aparmasını çətinləşdirir" , ABŞ prezidenti bildirib.

"50-dən çox ölkə [Ukraynanı] 2000-ə yaxın tank və digər zirehli texnika, 800-dən çox artilleriya sistemi və 2 milyondan çox artilleriya sursatı ilə təchiz edib" , Bayden əlavə edib.

XS
SM
MD
LG