Accessibility links

Ərinin dəmirçilik işini davam etdirən ukraynalı qadın


Ərinin dəmirçilik işini davam etdirən ukraynalı qadın
please wait

No media source currently available

0:00 0:03:08 0:00

Mariya Kobets Ukraynanın şimalındakı Çernihov vilayətində muzeydə işləyirdi. Lakin həyat yoldaşı Andriy silahlı qüvvələr sıralarına qoşulanda o, ərinin dəmirçilik işini öz üzərinə götürüb.

Mariya Kobets öz dəmirxanasında od yandırır. O, dəmirçiliyin çox çətin iş olduğunu etiraf edir. "Çox işləməlisən və necə deyərlər, həm sözün əsl mənasında əlini çirkləndirməlisən ki, bir şey alınsın."

Dəmir qızanda Kobets bugünkü layihə olan masa bıçağı üçün uyğun ölçüdə bir metal parçası kəsir. "Kömür metalı hər tərəfdən qızdırmalıdır" - deyə, Mariya Kobets bildirir.

Bu, Kobetsin və ərinin ailə biznesidir. Amma indi o burada tək işləyir. 2022-ci ilin may ayından bəri həyat yoldaşı Andriy Ukrayna silahlı qüvvələrində xidmət edir. "Dəmirçixana 2019-cu ildən fəaliyyət göstərir. Onu ərim açıb. Mən o zaman onu dəstəklədim və indi də onun işini davam etdirməyə çalışıram. Onun əsgərliyə getməsi məni təəccübləndirmədi. Bilirdim ki, ərim hamımızı qoruyacaq. O, belədir".

Andriy Mariyaya dəmirçixananın açarlarını verib və ondan vaxtaşırı gəlib burada işlərin necə getdiyini görməsini istəyib. Ancaq Mariya özü burada işləməyə qərar verib. "Mən onun necə işlədiyini görürdüm. Xoşuma gəlirdi. Onun işinin videolarını çəkib YouTube və İnstaqram-a yerləşdirməklə ona yardım edirdim. Beləliklə, daha çox şey edə biləcəyimi və onun biznesini idarə etməyə davam edərək ona dəstək ola biləcəyimə qərar verdim."

Bacardıqca Andriy onunla əlaqə saxlayır, telefonla göstərişlər verirdi. Əvvəlcə Kobets bəzi texnikadan uzaq dururdu. "Uzun müddət bizdə olan maşınların əksəriyyətindən qorxurdum. İlk iki ayda pnevmatik döymə çəkicini ümumiyyətlə işə salmadım, çünki o, səs-küylü və qorxuludur. Amma yavaş-yavaş irəliləyiş əldə etdim. İndi dəmirçilikdə hər şeylə işləyirəm."

Kobets indi dəmirçixananın bütün döymə işlərini edə bilir. O, xaricdən də sifarişlər alır. Bu kəsici alət Kanadaya gedəcək. "Bu alət "Aquaman" filmi üçündür. Bu, Aquamanin qardaşınındır. Rahat daşınması üçün onu hissələrə ayırmaq olar”.

Kobets lazım olduğu müddətdə dəmirçi işini davam etməyə hazırdır. Amma o, ən çox burada yenidən həyat yoldaşı ilə birlikdə işləyəcəyini və onun nəhayət şah əsəri - dirçəliş simvolu olan metal Feniksi bitirməsini xəyal edir.

Forum

XS
SM
MD
LG