Ukrayna prezidenti Volodimir Zelenski Şimali Avropanın 5 ölkəsinin liderləri ilə keçiriləcək sammitdə iştirak etmək üçün çərşənbə günü Finlandiyaya gedib.
Zelenski Finlandiya Prezidenti Sauli Niinistonun rəsmi iqamətgahında İsveçin Baş naziri Ulf Kristersson, Norveçin Baş naziri Yonas Qahr Störe, Danimarkanın Baş naziri Mette Frederiksen və İslandiyanın Baş naziri Katrin Yakobsdotirlə görüşəcək.
Zelenskinin Finlandiyaya səfəri bu ölkənin Şimali Atlantika Müqaviləsi Təşkilatına - NATO-ya 31-ci üzv kimi qəbul edilməsindən bir neçə həftə sonraya təsadüf edir. Helsinki Moskvanın keçən ilin fevralında Ukraynanı işğal etməsinə cavab olaraq, hərbi alyansa üzv olmaq istəyib.
Bu arada, çərşənbə günü səhər tezdən Rusiyanın cənubunda yanacaq anbarı yanıb.
Rusiyanın cənub-qərbindəki Krasnodar vilayətinin qubernatoru Venyamin Kondratyev Telegram mesajlaşma proqramında anbarın Volna kəndində olduğunu bildirib. Qubernator yanğın nəticəsində tələfat barədə məlumat olmadığını deyib.
Volna kəndi Rusiyanı 2014-cü ildə Ukraynadan zorla ilhaq etdiyi Krım yarımadasından ayıran Kerç boğazı üzərindəki, keçən ilin oktyabr ayında bomba yerləşdirilmiş yük maşınının qismən dağıtdığı körpünün yaxınlığında yerləşir.
ABŞ-da yerləşən CNN xəbər şəbəkəsi Rusiyanın dövlətə məxsus TASS xəbər agentliyinin yanacaq anbarında baş verən yanğının pilotsuz təyyarənin zərbəsi nəticəsində baş verdiyini dediyini bildirib.
Çərşənbə günü yanacaq anbarındakı yanğın keçən şənbə günü Krımın Sevastopol liman şəhərindəki neft anbarına pilotsuz təyyarənin hücumundan sonra baş verib.
Bazar ertəsi və çərşənbə axşamı Belarus və Ukrayna ilə sərhəddə Rusiyanın iki yük qatarı partlayıcı qurğuların işə düşməsi nəticəsində relsdən çıxaraq, qəzaya uğrayıb.
Rusiya Federal Təhlükəsizlik Xidməti çərşənbə günü Ukrayna hərbi kəşfiyyat bölməsi ilə əlaqəsi olan 7 nəfəri həbs etdiyini bildirib.