Prezident Volodimir Zelenski uşaqlıq dostu, Ukrayna təhlükəsizlik xidmətinin rəhbəri və digər yaxın müttəfiqi - baş prokurorla müharibə dövründə Rusiya casusları ilə mübarizədə uğursuzlularını əsas gətirərək, yollarını ayırıb.
Daxili Təhlükəsizlik Xidmətinin rəhbəri İvan Bakanov və Baş prokuror İrina Venediktovanın karyeraları keçmiş televiziya komediya ustası Zelenskinin 2019-cu ildə hakimiyyətə gələndən bəri korrupsiyaya qarşı mübarizəyə gənc və sadiq şəxsləri cəlb etmək siyasətini təcəssüm etdirirdi.
Lakin Rusiyanın işğalından təxminən beş ay sonra prezident etiraf etdi ki, onun iki müttəfiqi öz təşkilatlarında casusları müəyyən etməyə müvəffəq ola bilməyiblər.
Zelenski bazar günü axşam saatlarında onların hər ikisinin vəzifələrindən uzaqlaşdırıldığını bəyan edib. Lakin prezident administrasiyası rəhbərinin müavini bazar ertəsi səhər dəqiqləşdirib ki, hər iki şəxs işlərindən azad edilməsə də, tədqiqat müddəti ərzində vəzifələrindən kənarlaşdırılıblar.
Zelenski video-müraciətində Bakanovun rəhbərlik etdiyi Təhlükəsizlik Agentliyinin və prokurorluğun 60-dan çox məmurunun Ukraynaya qarşı casusluq etdikləri və əlavə olaraq hüquq-mühafizə orqanlarına qarşı dövlətə xəyanət ittihamı ilə 651 cinayət işi açıldığını bildirib.
“Dövlətin milli təhlükəsizliyinin əsaslarına qarşı bu qədər cinayət həmin qurumların müvafiq rəhbərləri ilə bağlı ciddi suallar yaradır” - deyə, Zelenski bildirib.
Müharibə dövrünün əmin lideri kimi dünya siyasi səhnəsində geniş rəğbət qazanan Zelenski Rusiyanın işğalından əvvəl iş təcrübəsi olmayan dostlarını və digər şəxsləri vəzifələrə təyin etmək ittihamları ilə üzləşirdi.
Zelenskinin Ukraynanın cənubunda keçirdiyi uşaqlıq dövründən dostu olan Bakanov televiziya karyerası ərzində onun media biznesini idarə etməyə yardım edib. Daha sonra isə o, Zelenskinin prezidentlik kampaniyasına rəhbərlik edib.
Keçən həftə Haaqada Rusiyanın Ukraynadakı hərbi cinayətlərini təqib etmək üçün beynəlxalq səylərin müzakirə edildiyi iclasda iştirak edən hüquqşünas Venediktova Zelenskiyə siyasətə başladığı dövrdən məhkəmə islahatları ilə bağlı məsləhətlər verib.